Məhkəmə qərarları › İş №3(125)-1615/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1615/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1615/2023 07.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7 bildirdi ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3123/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 cəmi 41000 (qırx bir min) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, borclu sonuncu izahatında borcunu ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs İcra sənədi üzrə icra məmurun, qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbiri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Bu günədək Ləpəz Kazımov tərəfindən icra sənədi üzrə cəmi 115 manat ödəniş olunmuşdur. Göstərilənlərə əsaəsn borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, hazırda rəsmi olaraq işləmir, fərdi əməklə əşğul olur. X10 təqaüdündən hər ay 1000 manat pul tutularaq Ramilə ödənilir, o, da imkanı çatdığı qədər 115 manat ödəmiş və hər ay imkan daxilində ödəniş edəcəkdir. Onun mülkiyyətində 10 sot torpaq sahəsi var, həmin torpaq sahəsi satıldıqda o, Zərərçəkmiş şəxs olan borcunu ödəyəcəkdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs maşın ustası olduğunu, bankdan kredit götürüb borca girdiyini, borcun tam şəkildə ödənilməsini tələb etdiyini əks təqdirdə Şəxs inzibati qaydada həbs olunmasına dair qərar çıxarılmaısnı xahiş etmişdir. İş materiallarında olan: - 07 avqust 2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3123/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs və Qoşqar Kazımovdan müştərək qaydada 41000 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin həmin icra sənədini borclu üzrlü səbəb olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsidə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 3123/2021 nömrəli icra vərəqindən görünür ki, cavabdeh Şəxs və X4 41000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-3123/2021 nömrəli icra sənədi xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 icraatına daxil olmuşdur. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-3123/2021 nömrəli icra sənədi xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 icraatına daxil olmuşdur. - xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu X5 tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında sonuncu xəbərdarlıqdan görünür ki, Şəxs və X5 Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-3123/2021 nömrəli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşlar. - Borclunun icra idarəsində verdiyi izahatlardan görünür ki, o, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, aylıq borcunu hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə işləmədiyini bəhanə edərək üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. İl yarımdan artıq müddət keçəməsinə baxmayaraq Şəxs cəmisi 115 manat ödəniş etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar