Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1617/2025 02.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, 27 yanvar 2025-ci tarixdə, saat 02 radələrində Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük idarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postuna daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Renault” markalı, 20ET975/20ET862 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı, qoşqunun sol hissəsində yerləşən əşyalar qoyulmaq üçün nəzərdə tutulan yerdən aşkar olunmuş 3 ədəd 1 litrlik “Kremlin Award premium vodka” markalı alkoqollu içkiləri, 20 qutu “Sobranie London” və 10 qutu “X1” markalı siqaretləri, qoşqunun sol arxa hissəsində əşyalar qoyulmaq üçün nəzərdə tutulan yerdən aşkar olunmuş 2 ədəd 1 litrlik “Kremlin Award premium vodka” markalı alkoqollu içkiləri, kabinanın yuxarı tərəfində əşyalar qoyulmaq üçün nəzərdə tutulan yerdən aşkar olunmuş 1 ədəd 1 litrlik “Русский стандарт” markalı alkoqollu içkini, yataq yerinin sağ hissəsindən aşkar olunmuş 1 ədəd 1 litrlik “Русский стандарт” markalı alkoqollu içkini və sağ oturacağın arxasındakı çantanın içərisindən aşkar olunmuş 30 qutu “Sobranie London” markalı siqaretləri sonuncu gömrük orqanlarına bəyan etməmişdir. Barəsində inzibati icraat aparılan fiziki şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan fiziki şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-cü il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə oğlunun əməlində CM-nin 206 və 213-1.1-ci maddələrinin tərkib əlamətləri olmadığına görə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, əməldə inzibati xəta tərkibi əlamətləri olduğundan səndələrin surəti aidiyyəti üzrə Əməliyyat-İstintaq Baş idarəsinin Təhqiqat Şöbəsinə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli “malların və nəqliyyat vasitəsinin yoxlanılması” haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2, 92.2.1, 92.2.6 və 99-cu maddələrinə əsasən Şəxs idarə etdiyi “Renault” markalı, 20ET975/20ET862 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış zamanı qoşqunun sol hissəsində yerləşən əşyalar qoyulmaq üçün nəzərdə tutulan yerdən gömrük orqanına bəyan olunmayan 3 ədəd “Kremlin Award 1l” markalı alkoqollu içki, 20 qutu “Sobranie” və 10 qutu “Parliament” markalı siqaretlər, qoşqunun sol arxa hissəsində əşyalar qoyulmaq üçün nəzərdə tutulan yerdən gömrük orqanına bəyan olunmayan 2 ədəd 1 litrlik “Kremlin Award 1l” markalı alkoqollu içki, kabinanın yuxarı tərəfində əşyalar qoyulmaq üçün nəzərdə tutulan yerdən gömrük orqanına bəyan olunmayan 1 ədəd “Русский стандарт 1l” markalı alkoqollu içki, kabinanın yataq yerinin sağ hissəsində gömrük orqanına bəyan olunmayan 1 ədəd “Русский стандарт 1l” markalı alkoqollu içki və kabinanın sağ oturacağının arxasındakı çantanın içərisində gömrük orqanına bəyan olunmayan 30 qutu “Sobranie” markalı siqaret aşkar olunmuşdur. - xx.xx.2025-ci il tarixli 6/532-7/247-9/973 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Kremlin Award premium vodka’’ və “Русский стандарт водка” markalı alkoqollu içkilər araq məhsullarına aid olub, yoxlanılan orqanoleptik və fiziki-kimyəvi əlamətlərinə, doldurulma tamlığına görə qablaşdırmaları üzərindəki etiket göstəricilərinə və müvafiq standartın tələblərinə uyğundur. Tədqiqata təqdim edilmiş adları və sayları 2 nömrəli cədvəldə göstərilmiş tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. Ekspertiza tədqiqatına edilmiş aksiz markası olmayan tütün məmulatlarının və alkoqollu içkilərin xx.xx.2025-ci il tarixinə olan ümumilikdə orta bazar qiyməti təxminən 831 (səkkiz yüz otuz bir) manat müəyyən edilir. Qeyd edilir ki, hər hansi bir əşyanın, malın miqdarindan aslı olaraq qiymətlərdə dəyişiklik olması istisna olunmur. - xx.xx.2025-ci il tarixli “malların saxlanc anbarına qəbul edilməsi aktı”ndan görünür ki, 4 ədəd “Kremlin Award premium vodka”, 1 ədəd “Русский стандарт водка”, 45 ədəd “Sobranie London” və 9 ədəd “X1” markalı siqaretlər “Azərterminalkompleks” Birliyinin saxlanc anbarına Əlifxan Yusifov tərəfindən məsul şəxs Nemət Abdullayevə təhvil verilmişdir. - İş materialarına əlavə edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatından görünür ki, o törətdiyi əməli etiraf edir və əməlindən peşmandır. - xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması” haqqında qərardaddan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və təhqiqatçı Cəfər Xəlilzadə tərəfindən araşdırma aparılmışdır. -xx.xx.2025-ci il tarixli Şəxs ərizəsindən görünür ki, onun nəqliyyat vasitəsində aşkar olunmuş inzibati xətanın obyekti olmuş predmetlərin (içki və siqaretlərin) dövlətin xeyrinə müsadirə olunmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın obyekti olan inzibati xətanın bilavasitə obyekti olan spirtli içki və tütün məmulatları müsadirə olunmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan “Kremlin Award premium” və “Русский стандарт” spirtli içkiləri, “Sobranie London” və “X1” tütün məmulatları müsadirə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1617/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1617/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver