Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1634/2024 01.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, X21, ev 61 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə tələbkar X5 məxsus olan 1,0 ha torpaq sahəsində borclular X7, X10, X2, X8, X6, X9 və Şəxs tərəfindən inşa edilmiş özbaşına tikintilər borcluların hesabına sökülməlidir, borclular, həmçinin tələbkarın mülkiyyət hüququnun reallaşmasına maneə törədən şəxslər borcluların zəbt etdikləri torpaq sahəsindən çıxarılsınlar və borcluların zəbt etdikləri torpaq sahəsi boşaldılaraq tələbkar X5 təhvil verilməlidir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və müxtəlif tarixlərdə inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar borcluya təqdim edilmiş, eyni zamanda izahatı alınmışdır. Bundan əlavə tələbin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən tələbi icra etməyəcəyini bildirmişdir. Bununla yanaşı borclu Şəxs sözügedən icra sənədinin icrasını təmin etmədiyi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati qaydada 500 manat cərimə edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu, tələbi qanunla müəyyən edilmiş müddətdə təmin etməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə, o cümlədən il ərzində bir dəfə də İXM-nin 528.1-ci maddəsi ilə tənbeh olunmasına baxmayaraq, icra sənədini icra etməmişdir. O, hazırda tələbkarla heç bir razılıq əldə etməmiş və icra sənədini icra etmək niyyəti də yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır, bu barədə icra məmuru onu məlumatlandırmışdır. Amma onu qeyd edir ki, bu işlə onun heç bir əlaqəsi yoxdur. Belə ki, onun mülkiyyətində olan ev İcra Hakimiyyəti tərəfindən söküldükdən sonra qeyd edilən ərazidən torpaq sahəsi İcra Hakimiyyəti tərəfindən ona sərəncam əsasında verilmiş, həmçinin də İcra Hakimiyyəti tərəfindən onun üçün orada sökülmüş evinin əvəzinə ev tikməyə başlamışlar və onlar tərəfindən həmin evin tikintisi tam başa çatdırılmamışdır. O da yaşamağa yeri olmadığı üçün və torpaq sahəsinin İcra Hakimiyyəti tərəfindən sərəncam əsasında onun sökülmüş əmlakının əvəzinə verildiyindən orada İcra Hakimiyyəti tərəfindən tikintisi başa çatdırılmayan evin tikintisini davam etdirmiş və hazırda həmin evdə yaşayır. Hətta İcra Hakimiyyəti ona evi tikdikdən sonra çıxarış verilməsini də söz vermişdir. Onun kiminsə mülkiyyətində olan torpaq sahəsində ev tikmək niyyəti olmamış və ona görə də onun bu iş üzrə heç bir təqsiri yoxdur. Bu səbəbdən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X11 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs icra sənədində qeyd edilən tələbi icra etmir, yəni məhkəmə qərarını icra etməyərək torpaq sahəsini boşaltmır. Ona görə də hazırda tələbi icra etməsini, əks halda isə onun barəsində ciddi tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(044)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə tələbkar X5 məxsus olan 1,0 ha torpaq sahəsində cavabdehlər X7, X10, X2, X8, X6, X9 və Şəxs tərəfindən inşa edilmiş özbaşına tikintilər cavabdehlərin hesabına sökülməsi, cavabdehlər, həmçinin iddiaçının mülkiyyət hüququnun reallaşmasına maneə törədən şəxslər cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılması və cavbdehlərin zəbt etdikləri torpaq sahəsi boşaldılaraq iddiaçı X5 təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(044)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-668/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(044)- 93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs tələbi icra sənədi ilə müəyyən edilmiş qaydada icra etməyərək icra sənədinin icrasından yayınmış və tələbkarla tələbin icrası ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Repubilkası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1634/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1634/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver