Məhkəmə qərarları › İş №3(125)-164/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-164/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-164/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 12745188 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 60 (altmış) manat inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli EQ 12745188 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, H.Əliyev prospekti, Beynəlxalq xəstəxananın qarşısı 15:19:40, xx.xx.2023 tarixdə ona xüsusi texniki vasitələrin köməyi ilə İXM-nin 327.2-ci maddəsi ilə (elektron qərar) cərimə tədbiq edilmişdir. Belə ki, onu qeydiyyata alan texniki vasitə təhlükəsiz şəhər stansiyasıdır və həmin stansiyada kameralar yalnız müşahidə aparmaq və avtomat rejimdə inzibati xəta qeydə almaq hüququna malik deyil və İXM-nin 81-ci maddəsində xüsusi texniki vasitələrin göstəriciləri qeyd etdiyi maddədən aydın görünür ki, hər texniki vasitə özbaşına hər iş görə bilməz, çünki sertifikatlaşmada göstərir ki, həmin kameraların vəzifəsi inzibati xəta qeydə almaq deyil. İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Hesab edir ki, müvafiq qanundan göründüyü kimi kameranın tipi vahid vaxt rejimində avtomatlaşmış formada inzibati cərimə tətbiq etmək yox şəhər ərazisində müşahidə aparmaq təyinatındadır. Belə ki, həmin qərarda aparatın sertifkatlaşması qeyd edilməmişdir, ona tətbiq olunan elektron qərar müşahidə kamerasının, müşahidə monitorundan əldə olunan məlumat əsasında tətbiq olunmuşdur, bu da qanunsuzdur. Müşahidə kamerası ilə cinayət tərkibi olmadan heç bir şübhə olmadan şəxsin mülkiyyətinə baxmaq, müşahidə aparmaq insan hüquqlarını və azadlıqları prinsiplərini pozur. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin, 4-cü bəndinin (Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz) tələblərini pozur. Belə ki, müşahidə kamerasının monitorlarının yerləşdiyi otağa kənar şəxslərin girməsinin qadağan olduğu halda hansı şərt əsasında DYP əməkdaşı öz əl planşeti ilə monitordan elektron qərar müəyyənləşdirə bilir. Əgər müşahidə kameraları avtomatik rejimdə inzibati xəta qeydə ala bilirsə onda digər texniki vasitələr nəyə lazımdır? Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 12745188 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən X6 məhkəməyə izahat verərək bildirdi ki, məhkəməyə verdiyi şikayətini müdafiə edir. Əlavə olaraq qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə yol tıxac olduğundan xəstəxanada olan atasının yanına getmək üçün qeyd edilən inzibati xətanı törətmişdir. Buna baxmayaraq onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana və qərardan şikayət vermiş şəxsə lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin (xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş iclaslar) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 12745188 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 60 (altmış) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X1 şəhəri, Heydər Əliyev prospekti, Beynəlxalq Xəstəxananın qarşısında xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2023-cü il tarixli EQ 12745188 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. X2 inzibati xətanı törətməsini etiraf etməsinə baxmayaraq şikayətində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın tətbiq olunmasında istifadə edilən kameranın tipi vahid vaxt rejimində avtomatlaşmış formada inzibati cərimə tətbiq etmək üçün yox şəhər ərazisində müşahidə aparmaq təyinatındadır. Məhkəmə isə şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 12 yanvar tarixli Q1- 001-12 nömrəli qərarı ilə təsdiq olunmuş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda dəyişikliklər edilməsi barədə” qərarın 1.2-ci bəndinə əsasən aşağıdakı məzmunda 2.10 və 2.11-ci bəndlər əlavə edilsin: “2.10. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə operator nəqliyyat vasitəsinin iki qayda pozuntusunu və bir dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklini çəkir, DİN BDYPİ-nin X3 avtomobilin sahibi haqqında məlumatlar əsasında xüsusi formalı blank doldurur (Təlimata 16 nömrəli əlavə). Blankda eyni zamanda pozuntunun aşkarlanmasında istifadə edilmiş nəzarət kamerasının nömrəsi, xətanın mahiyyəti, törədildiyi ərazi, tarix və saat, habelə nəqliyyat vasitəsinin sahibi barədə məlumatlar qeyd olunur.”. “2.11. Blank doldurulduqdan sonra “Yol hərəkəti qayda pozuntularının qeydiyyatı kitabı”nda (Təlimata 17 nömrəli əlavə) sıra ardıcıllığı üzrə qeydiyyata alınır.”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Bu hissədə məhkəmə qeyd edir ki, törədilmiş inzibati xəta DİN-nin “Təhlükəsiz şəhər” müşahidə kameraları vasitəsi ilə aşkar edilərək, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilərək şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Şikayət vermiş şəxsin müşahidə kameraları avtomatik rejimdə inzibati xəta qeydə ala bilirsə onda digər texniki vasitələr nəyə lazımdır sualına cavab olaraq məhkəmə qeyd edir ki, İXM-də inzibati xətaların yalnız xüsusi texniki vasitələrlə qeydə alınması nəzərdə tutulmamışdır. Belə ki, İXM-nin 99.1.1, 99.1.2 və 99.1.3-cü maddələrində qeyd edilən hallar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər kimi göstərildiyindən mühahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 12745188 nömrəli elektron qərar İXM-nin müddəalarına uyğun tərtib edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi barəsində inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxs X4 öz etirafedici ifadəsi və inzibati tənbeh vermə haqqında elektron qərarla tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X6 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2023-cü il tarixli EQ 12745188 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 12745188 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar