Məhkəmə qərarları › İş №3(125)-1650/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1650/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1650/2025 29.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə ona məxsus olan **-EC-*** dövlət qeydiyyat nişanlı BMW 25 MİNİK markalı avtomobil ilə Gəncə şəhəri X10 prospektində hərəkətdə olarkən Gəncə şəhəri DYPŞ patrul xidməti inspektoru polis serjantı X4 onu qanunsuz və əsasız olaraq saxlamış, avtomobildə konstruksiya dəyişikliyi olduğunu bildirərək avtomobilini cərimə meydançasına aparmış və barəsində xx.xx.2025ci il tarixdə İXP ******* nömrəli protokol tərtib etmişdir. xx.xx.2025-ci il tarixdə barəsində TP ******* nömrəli qərar qəbul olunmuş və qərarda göstərilmişdir ki, guya avtomobilinə normativ tələblər pozularaq əlavə avdanlıqlar quraşadırılmış və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyindən İXM 342.2.2-ci və 327.1-ci maddələrini pozulduğundan 150 manat məbləğində cərimə olunmuşdur. O, heç bir qanun pozuntusu etməmiş, tam olaraq əsasız və qanunsuz saxlanaraq avtomobili DYPŞ-nin cərimə meydançasına aparılmışdır. Belə ki, avtomobilində normativ tələbləri pozmaqla əlavə avadanlıq quraşdırılması barədə Bakı şəhərinə gedib, BMW servisindən əlavə avadanlığın olmaması barədə rəsmi şəkildə sənəd almışdır. Həmçinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi barədə görüntüləri Gəncə şəhəri DYPŞ patrul xidməti inspektoru polis serjantı X2 tələb etsə də görüntüləri verməkdən imtina edir. Həmin ərazidəki kameralardan və Gəncə şəhəri DYPŞ patrul xidmətinin avtomobilindəki görüntülər araşdırılsa onun günahsız olmağı tam sübuta yetirilər. Beləliklə də, onun qanunvericiliklə qorunan hüquqları Gəncə şəhəri DYPŞ tərəfindən kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X5 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, bildirdi ki, o, heç bir inzibati xəta törətməmişdir. Onun avtomobilində normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yol verilməmişdir. Bununla bağlı BMW servis tərəfindən verilmiş müayinə sənədini də məhkəməyə təqdim edir. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində çıxarılmış TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.1 (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına) və 342.2.2-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə) maddələri ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 01 may 2025-ci il tarixli BMW servis tərəfindən verilmiş müayinə sənədindən görünür ki, BMW markalı **-EC-*** nömrəli nəqliyyat vasitəsi servis tərəfindən müayinə olunmuş və sport amortizatorlar və speyserlər quraşdırılmış halda oxlar üzrə kütlənin bölünməsi, təkərlərarası baza və təkər (təkər düsturunun) bucaqlarının ölçülərinin norma daxilindədir. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi qeyd olunsa da, məhkəmə iclasında qeyd edilən inzibati xətaların törədilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. İXM-nin 342.2.2-ci maddəsinin mənasından aydın olur ki, İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi ilə bağlıdır. Lakin məhkəmə iclasında müəyyən olundu ki, BMW markalı **-EC-*** nömrəli nəqliyyat vasitəsi 01 may 2025-ci il tarixdə BMW servis tərəfindən müayinə olunmuş və sport amortizatorlar və speyserlər quraşdırılmış halda oxlar üzrə kütlənin bölünməsi, təkərlərarası baza və təkər (təkər düsturunun) bucaqlarının ölçülərinin norma daxilində olduğu qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, bu halda X3 əməlində İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi üçün əsas olan hallara rast gəlinməmişdir. Məhkəmə iclasında sürücü yol hərəkət qaydasını pozmadığını, heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər BPİ-nin DYPŞ-nin üzərinə qoyulsa da, həmin orqan 29 may 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 əməlində qeyd edilən maddələr üzrə inzibati xəta tərkibi olmadığından onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X3 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X5 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar