Məhkəmə qərarları › İş №3(125)-1652/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1652/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1652/2024 03.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin polis sahə rəisi, X1 iştirakı ilə, xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati ərazisində xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələblərinə məhəl qoymaraq inzibati xəta törətmişdir. Narkotik vasitə istifadə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, hadisə Asan xidmətin arxasında baş vermişdir. İçkili olmuş, telefonda dostuna qışqırmış, səsini yüksəltmişdir. Polis iki dəfə tapşırıq vermiş, üçüncüdə idarəyə aparmış, protokol tərtib etmişdir. 5 ay əvvəl narkotik vasitə qəbul etmişdir. Hazırda heç bir vasitə qəbul etməmişdir. Bir azyaşlı uşağı vardır. Əməlindən peşmandır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati ərazisində xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələblərinə məhəl qoymaraq inzibati xəta törətmişdir. Narkotik vasitə istifadə etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair xx.xx.2024-cü il tarixli, 748 saylı rəydən görünür ki, Şəxs psixotrop maddə olan metanfetamindən epizodik istifadə etmə halları olmuşdur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar