Məhkəmə qərarları › İş №3(125)-1659/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1659/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1659/2024 11.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, xx.xx.1998-ci il tarixdə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Gəncə şəhəri, 13 saylı Hərbi Şəhərcik ev 190-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində sürücü, xx.xx.1970-ci il təvəllüdlü, X3 idarə etdiyi “Mersedes Benz C180” minik markalı ** CR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi ilə hərəkətdə olarkən sürücü-31,08.1998-ci il təvəllüdlü, Şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə toqquşmuş, daha sonra X7 idarə etdiyi Mersedes Benz C180 markalı ** SV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, daha sonra X5 idarə etdiyi Vaz 21043 markalı ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş nəticədə Mersedes C180 markalı ** SV *** nömrəli avtomobilin sürücüsü xx.xx.1995-ci il təvllüdlü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Chevrolet Cruze" minik markalı ** EL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil baş etibarnamə əsasında X4 məxsusdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Naibə Eyvazova və Firuzə Abbasova ilə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi ilə Sovxoz Nizami dairəsi istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfində təmir işləri görüldüyündən o hərəkətini yolun sol tərəfi ilə davam etdirmişdir. Bu zaman qarşı tərəfdən ağ rəngli “Mersedes benz” markalı avtomobil gəlmişdir. O, yolun sağ tərəfində təmir işləri getdiyindən avtomobilini sağa çəkə bilməmiş və düşünmüşdür ki, həmin “Mercedes” markalı avtomobil özü sağ tərəfə çəkər və o keçib gedər. Lakin həmin avtomobil sağa çəkməmiş və o idarə etdiyi avtomobillə həmin avtomobilin sol yan qanadından vurmuşdur. Bir neçə dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlib xəsarət almış ağ rəngli Mersedes markalı avtomobilin sürücüsünü Gəncə şəhər TTYX- na aparmışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə edib fotoşəkillər çəkmişlər. Bundan sonra o sərxoşluq müayinəsindən keçmək üçün narkoloji disponserə gedib həkim tərəfindən yoxlanılmış və ayıq olmağı bilinmişdir.Hadisənin baş verməsinə səbəb yolun sağ tərəfində təmir işləri getməyi səbəbi ilə onun yolun sol tərəfi ilə hərəkətdə olmağı və qarşı tərəfdən gələn “Mercedes" markalı avtomobili yüksək surətlə hərəkət edərək avtomobilini sağa çəkməməsi olmuşdur. Bildirmişdir ki o həmin avtomobili təxminən 70-80 metr məsafədən görmüşdür. Qeyd etmişdir ki həmin vaxt yanında əvvələr tanıdığı X8 və onun qızı X6 olmuşdur O həmin vaxt avtomobili idarə edərkən təhlükəlik kəmindən istifadə etmişdir. Hadisə zamanı o heç bir xəsarət almamışdır.Zərərçəkmiş şəxs ilə barışmağa çalımış, lakin zərərçəkmiş Sənan Qarayev onunla barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında göstərdi ki, “Mersedes Benz C 230” minik markalı **-SV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili o etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü ıl tarixdə o idarə etdiyi "Mersedes Benz” minik markalı **-SV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi ilə hərəkətdə olub dəyirman dairəsi istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Chevrolet Cruze markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Daha sonra idarə etməni itirərək əks hərəkət zolağına çıxmışdır. Həmin vaxt boz mersedes markalı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Tanımadığı şəxslər tərəfindən hadisə yerinə çağrılmış TTY avtomobili ilə Gəncə şəhər TTYX-na gedib həkim tərəfindən müayinə olunmuşdur. Bundan sonra sərxoşluq müayinəsndən keçmək üçün narkoloji disponserə gedib həkim tərəfindən yoxlanılmış və ayıq olmağı bilinmişdir. Daha sonra Gəncə Beynəlxalq xəstəxanaya gedib MRT müayinəsi olunmuşdur. Hadisənin baş verməsinə səbəb Chevrolet Cruze markalı avtomobilin sürücüsünün onun hərəkət yoluna çıxması olmuşdur. Həmin vaxt idarə etdiyi avtomobilin sürəti təxminən saatda 50-60 km/saat olmuşdur. Hadisə baş verən zaman onun avtomobilində heç kim olmamışdır. Hadisə zamanı həmin yerdə onun tanıdığı heç kim hadisəni görməmişdir. Qeyd etmişdir ki, Chevrolet Cruze markalı avtomobilin sürücüsünün onun hərəkət yoluna çıxmasını qəflətən görmüş bu səbəbdən də hadisənin qarşısını ala bilməmişdir. O həmin vaxt avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən isitifadə etmişdir. Hadisə zamanı o burun nahiyəsindən xəsarət almışdır. Barəsində inzibati icraat aparılan şəxs ona dəymiş ziyanı ödəməmişdir. Odur ki, onun barəsində sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X18 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1843 nömrəli rəyindən görünür ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər –burun, hər iki gözaltı nahiyyələrin qançır-şişkinliyi ilə müşahidə olunan burun sümyünün yerdəyişməyən sınığı, burun nahiyyəsinin yarası - küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Məhkəmə yol- nəqliyyat ekspertizasının xx.xx.2024-cü il tarixli 8/3900 nömrəli ekspert rəyindən görünür ki;

1. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cruze markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C- 230 markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

3. Təhqiqat tərəfindən göstərilən şəraitdə Mercedes Benz C180 markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur.

4. Təhqiqat tərəfindən göstərilən şəraitdə VAZ-21043 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 3812/2023 nömrəli 28 noyabr 2023cü il tarixli aktdan görünür ki, hadisə zamanı sürücü Şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatları, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə nəfərin xəsarət almasını nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, İXM-in 152.1-ci maddəsinə əsasən inzibati tənbehin əvvəli sürücülük vəsiqəsinin ondan alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X16 Şöbəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. İnzibati tənbehin əvvəli sürücülük vəsiqəsinin Şəxs alındığı vaxtdan hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X16 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar