Məhkəmə qərarları › İş №3(125)-166/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-166/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-166/2022 09.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X3, Quliyeva Günay Ələstun qızının katibliyi, şikayətçi X2 iştirakı ilə, şikayətçi X2 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Dövlət Miqrasiya Xidmətinin X6 İdarəsinin bölmə rəisi X4 tərtib etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edib, iş üzrə inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Həsən Həsənov xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində qohumlarının evində olarkən Dövlət Mıqrasıya Xidmətinin Gəncə RMİ-nin əməkdaşı X7 barəmdə əsassız olaraq İXP MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və onu AR İXM-nin 575.1.1-ci maddəsi ilə 300 manat məbləğində cərimə etmişdir. Həmin protokol əsasında barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, xx.xx.1950-ci ildə Culfa rayonunun Ərəzin kəndində anadan olmuş, 1974-cü ilədək həmin ünvanda yaşamış, xx.xx.1974-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Ukraynanın Xarkov şəhəri Elektrovoznaya 21 ünvanda yaşamış, 2010-cu ildə Naxçıvana qayıtmış, yeganə bacısının himayəsində yaşamışdır. O, subaydır, ağır ruhi (şizofreniya, təsdiqedici sənədlər var) xəstədir, dəfələrlə Xarkovda və Naxçıvanda “Ruhi-əsəb” xəstəxanalarında stasionar müalicə almış, hazırda ambulator müalicədədir. xx.xx.2010-cu ildən xx.xx.2015-cı il tarixədək ona “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsi” alınmışdır. 2015-ci ildən sonra xəstəliyinin kəskinləşməsi ilə uzun müddətli müalicədə olduğundan, 90 yaşlı bacısının fiziki imkanları məhdud olduğundan müractət edib müvəqqəti yaşamaq vərəqəsi ala bilməmişdir. 2021-ci ilin dekabrında bacısı rəhmətə gedəndən sonra o, praktiki olaraq kimsəsiz tənha qaldığından qardaşı oğlu onu Gəncəyə gətirmişdir. Yaşayış sənədi almaq üçün Dövlət Miqrasiya Xidmətinin Gəncə şöbəsinə müraciət etmiş, vəsiqə vermək üçün əvvəlcə 400 manat cərimə ödənilməli olduğunu bildirmişlər. Onun bir manat pulu da yoxdur, təkcə DSMF tərəfindən 260 manat pensiya alırmış, vəsiqəsi olmadığı üçün onu da kəsmişlər. Sənədi olmadığına görə nə xəstəxanaya, nə də qocalar evinə götürmürlər. Qardaşı oğlu onun yaşamağı üçün hər ay (bahalı dərmanlardır) 80-85 manat təkcə dərmanlarına pul verir. Qardaşı oğlunun da öz ailəsi var və onun məvacibi ancaq öz ailəsini dolandırmağa çatır, o, da onlara bir yük olmuşdur. Məhkəmə iclasında şikayətçi ərizədə göstərilənləri təsdiq edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında DMX-nin Gəncə RMİ-nin nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyərək bildirmişdir ki, Həsən Həsənov özü icazə almaq üçün idarəyə ərizə ilə müraciət etmişdir. Müraciət araşdırılarkən 20155-ci ildən icazəsi olmadığı müəyyən edilmiş və minimum cərimə edilmişdir. O, şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olma və yaşama hüququ verən sənədlər olmadan yaxud qeydiyyatsız yaşamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi xx.xx.2015-ci il tarixdə bitmiş, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin inzibati xətanı törətməyə davam etmiş və uzanan inzibati xəta xx.xx.2022-ci il tarixdə Gənə şəhərində aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2022-ci il tarixli xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X5 xx.xx.2007-ci il tarixdən ambulatoriya üzrə Şizofreniya Poranoid forma F20. diaqnozu ilə qeydiyyatdadır və xx.xx.2022-ci il tarixdən stasionara göndərilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Çünki şikayətçinin barəsində inzibati xəta protokol tərtib edilərkən onun səhhəti, psixi vəziyyəti nəzərə alınmamış, inzibati xətanı törətdiyi müddətdə anlaqlı olub-olmaması aydınlaşdırılmamış, inzibati qərar qəbul olunarkən ona məlumat verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, bu hal qərar qəbul edən vəzifəli şəxs tərəfindən araşdırılmamış, qərar qəbul edilərkən X2 iştirakı təmin edilməmiş, onun izahatı alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən: 112.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; 112.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; 112.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; 112.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; 112.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; 112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilərkən bütün faktiki hallar araşdırılmadığından xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X5 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Dövlət Miqrasiya Xidmətinin X6 İdarəsinin bölmə rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Dövlət Miqrasiya Xidmətinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar