Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-168/2025 17.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsi İTB-nin polis sahə rəisi, polis kapitanı X3 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:30-da idarə etdiyi “Hyundai Elantra” markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsində hərəkətdə olan zaman Şəxs YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və X1 alınmış analiz zamanı onun analizində THC marixuana aşkar edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə DYPŞ-də tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 17 yanvar 2025-ci il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olsa da nəqliyyat vasitəsinin narkotik vasitənin, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsi İTB-nin polis sahə rəisi, polis kapitanı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan protokollar üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, törətdiyi əməldən utanc və xəcalət hissi çəkir, bunu həyatının böyük səhvi hesab edir. Heç vaxt düşünməzdi ki, törətdiyi əməl böyük nəticələrə səbəb ola bilər. Bayram günü alkoqollu içkinin təsiri altında olduğundan nəfsinə uduzub narkotik vasitədən istifadə etmişdir, heç vaxt düşünməzdi ki, həmin vaxtdan bəri narkotik maddə qanında qalsın. Səmimi şəkildə bildirir ki, əməlindən çox peşmandır. Belə ki, iki bacısı və 66 yaşlı xəstə anası var. Atası vəfat etmişdir. Müəyyən xəstəliklərdən əziyyət çəkən anası yataq xəstəsi olmaqla, onun himayəsindədir. Kiçik yaşlarından dövlətçilik ruhunda tərbiyələnmişdir. 18 yaşından bəri “Yeni Azərbaycan Partiyası”nın üzvüdür. Həmçinin 2020-ci ilin 7-8 oktyabr və 8 noyabr tarixləri ərzində ikinci Qarabağ müharibəsində iştirak etmiş, müvafiq medallarla təltif olunmuşdur. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla ona həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti 1-ci Polis Şöbəsinin İTB-yə göndərilmiş, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:10-da inzibati qaydada tutulmuşdur. Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 69 saylı, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 290/2025 saylı xx.xx.2025-ci il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs sidiyində THC aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 333-1.1-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici ifadəsi, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı və 333- 1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 17 yanvar 2025-ci il tarixdən saat 00:10-dan hesablanmalı, məcburi müalicəyə ehtiyacı olmadığı üçün barəsində narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Məhkəmə Şəxs barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən halı - səmimi peşmanlığını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 00:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-168/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-168/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver