Məhkəmə qərarları › İş №3(125)-1692/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1692/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1692/2023 22.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim оğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Gəncə Gömrük İdarəsinin, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-006095/2023 nömrəli raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz istifadəçisi olan Şəxs (Vöen: **********) MMC-nin ünvanına Rusiya Federasiyasından 1 (bir) dartıcı ilə 8 (səkkiz) vaqonda Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə gələn 565000 (beş yüz altmış beş min) kq “ərzaq buğdası” yükü xx.xx.2023-cü il tarixli **********5688 nömrəli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Qeyd olunan yükə və MMC-nin fəaliyyət sahəsinə baxış keçirilməsi üçün gömrük əməkdaşları ora getmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin bəyannamənin gömrük orqanında buraxılışı təsdiq edilməmiş "Gəncə Dəyirman” MMC-nin ünvanına 8 (səkkiz) vaqonda gələn yükün plombu gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparılmış və yük vaqonlardan boşaldılaraq MMC-nin anbarına aparılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixli **********5688 nömrəli gömrük bəyannaməsində göstərilən “ərzaq buğdası” yükü anbarda eyniləşdirilmiş və bu zaman muəyyən edilmişdir ki, yük toxunulmadan və istifadə edilmədən anbarda saxlanılır. Bununlada MMC tərəfindən gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Barəsində icraat aparılan şəxsə və protokol tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03 avqust 2023-cü il tarixli “Yükə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, Şəxs MMC tərəfindən gömrük bəyannamələrinin rəsmiləşdirilməsi başa çatmadan vaqonlara plomblar özbaşına qoparılaraq yük boşaldılmışdır. 02 avqust 2023-cü il tarixli Gömrük Bəyannaməsindən görünür ki, Şəxs MMC-nin adına Rusiya Federasiyasından 1 (bir) dartıcı ilə 8 (səkkiz) vaqonda Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə gələn 565000 (beş yüz altmış beş min) kq “ərzaq buğdası” yükü daxil olmuşdur. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” Qərardaddan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati araşdırma aparılmışdır. 09 avqust 2023-cü il tarixli “barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” Protokoldan görünür ki, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi törədilmiş inzibati xətanı törədilmiş inzibati xətanı etiraf edir və tətbiq olunacaq cəriməni öz öhdəsinə götürür. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.3 və 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 491.3 və 492.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə qanunvericiliyin yuxarıdakı müddəasını nəzərə alaraq, məhkəmə barəsində icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi sanksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iclasında Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar