Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-170/2025 17.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5, zərərçəkmiş Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda, protokola əlavədə və protokola əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1100/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3730/16 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində aliment artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4416/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən müəyyən edilmiş sabit pul məbləğində aliment artırılaraq hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Hər iki icra sənədi üzrə qanunun tələblərinə uyğun olaraq, icraata başlamaq barədə qərar qəbul edilmiş və tələbin könüllü müddət ərzində icra edilməsi barədə borcluya bildiriş göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində Şəxs 777 saylı Hərbi Hissədə işlədiyi müəyyən edilmiş və xx.xx.2021-ci il tarixdə borclunun əmək haqqının 70%-i nisbətində tutqu aparılması barədə iş yerinə məktub göndərilmişdir. 777 saylı Hərbi Hissənin xx.xx.2021-ci il tarixli məktubunda borclu Şəxs işdən azad edildiyi bildirilmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsində həmin ilin sentyabr ayı da daxil olmaqla aliment borcunu tam olaraq aldığını bildirmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-569/23 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Aparılmış zəruri icra tədbirləri nəticəsində borclunun Vətən müharibəsində iştirakçılar üçün təyin edilmiş 80 manat məbləğində pensiya gəliri aşkar edilmişdir. İnkasso sərəncamı vasitəsilə 2023-cü ilin avqust ayından etibarən hər ay borclunun pensiyasının 70%-i nisbətində tutqu aparılaraq tələbkarın bank hesabına ödənilir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Psixiatriya Xəstəxanasına borclunun stasionar müalicədə olub-olmaması barədə sorğu göndərilmiş və həmin xəstəxananın xx.xx.2023-cü il tarixli məktubunda borclu Şəxs ‘'posttravmatik stress pozuntusu, özünü öldürmək cəhdləri” diaqnozu ilə stasionar müalicədə olduğu bildirilmişdir. Həmçinin, Gəncə Şəhər X2 xx.xx.2023-cü il tarixdə Şəxs qeydiyyatda olubolmaması ilə bağlı məktub göndərilmiş və sözügedən dispanserin xx.xx.2023-cü il tarixli məktubunda borclunun xx.xx.2023-cü il tarixdən “F41. uzun gedişli posttarvmatik stress pozuntusu” diaqnozu ilə qeydiyyatda olduğunu bildirilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə xəbərdalıq məktubu göndərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclunun 2024-cü ilin sentyabr ayı da daxil olmaqla 1568 manat aliment borcu olduğunu bildirmiş və həmin borcun ödənilməsi istiqamətində zəruri icra tədbirləri görülməsini xahiş etmişdir. Belə ki, borclu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırmaqda təqsirlidir. Hər iki icra vərəqəsi üzrə hazırda 1970 manat aliment borcu mövcuddur. Göstərilənlərə əsasən borclu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 izahatında bildirdi ki, icra sənədinə əsasən 190 manat aliment borcludan tutularaq tələbkara ödənilməlidir, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun pensiyasına inkasso qoyulmaqla, hər ay pensiyasının 70 faizi, yəni 56 manatı aliment borcunun ödənilməsinə yönəldilir. Alimentin ödənilməyən hissəsi isə borc olaraq yığılır. Bu ilin yanvar ayına qədər olan ödənilməmiş aliment borcu 1970 manat təşkil edir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, icra məmuru protokolun təmin edilməsini və şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu inkar etmir. Əmək qabiliyyəti olmadığından heç bir yerdə işləyə bilmir. Hazırda məhkəmənin icraatında onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iş var, əgər qətnamə çıxarsa, bundan sonra İİİ qrup əlil kimi pensiya alacaqdır, gələcəkdə həmin pensiyasından aliment borcu üçün tutulmanın aparılmasına etiraz etmir. Lakin hazırda maddi imkanı zəif olduğundan ödənişlər edə bilmir, belə ki, onun özünə də bacısı baxır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu işləmədiyini bildirsə də, hazırda toy məclislərində skripka ifa edir, pensiyasından başqa da gəliri var. Borclu ona hər ay yığılan aliment borcundan da ödəmək üçün 300 manat məbləğində əlavə ödəyəcəyini bildirsə də, buna əməl etməmişdir. Dəfələrlə həm icra məmurunun, həm də onun ünvanına nalayiq ifadələr işlədib aliment borcunu ödəməyəcəyini bildirmişdir. Himayəsində olan 15 yaşlı uşağı ürək qüsurludur, onun ehtiyaclarını cəmi 56 manat pul vəsaiti ilə qarşılaya bilmir. Odur ki, borclunun borcunu tam şəkildə ödəməsini, ödəməyəcəyi təqdirdə tutulmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1100/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(043)-3730/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4416/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə (bundan sonra – icra sənədi) əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1100/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməli, cavabdeh Şəxs mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarından müəyyən edilir ki, icra sənədləri icra edilməsi üçün İdarəyə göndərilmiş və icra məmurunun müvafiq qərarları ilə icra sənədləri üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək ona icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdir. Borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə tələbi bugünədək tam şəkildə icra etməməsinin səbəbi müharibədən sonra kəllə-beyin travması aldığından heç bir yerdə işləməməsidir, aldığı 80 manat “veteren pulu”dur, həmin puldan hər ay 70%, yəni 56 manat tutulur. Həmçinin, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak olmadığı, aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətinin olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş elektron sorğuya cavab məlumatından görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, onun Vətən müharibəsi iştirakçısı qismində 80 manat məbləğində “müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” aldığı müəyyən olunmuşdur. Bundan başqa, borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını aşkar etmək mümkün olmamışdır. İş materiallarında olan Gəncə şəhəri Psixonevroloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 601/2023 nömrəli arayışından görünür ki, borclu xx.xx.2023-cü il tarixdən halhazıradək Gəncə Şəhər Ruhi Əsəb Dispanserində “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, ağır depressiv epizod” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına borclu şəxsin özünə xəsarət yetirməsinə dair bəzi fotoşəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, icra sənədi könüllü icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onu müəyyən edilmiş aliment borcundan ödəniş etməməsini, zərərçəkmiş şəxsin mövqeyini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-170/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-170/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver