Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1709/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X2 nümayəndəsi X5, İnzibati xəta törətmiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X2 30 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Gəncə şəhər şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X2 30 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarı əsasında X6 Azərbaycan Respublikası İXM-nın 555.1-ci maddəsi ilə 1000 manat cərimə olunmuşdur. Həmin qərardan narazı qalan X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X2 30 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 ərizəsini onunla əsaslandırmışdır ki, 2024-cü il mart ayının 27-də təxminən 10:30 radələrində böyük tənəffüs zamanı məktəb liseyin Azərbaycan bölməsinin ingilis dili müəllimi X9 ibtidai siniflər təhsil aldığı ikinci tədris korpusunun ikinci mərtəbəsidən birinci mərtəbəsinə düşərkən, sonuncu pilləkənin aşağı hissəsində yəni düz hissədə dəhlizdə müvazinətini itirərək oturaq şəkildə yerə yıxılmışdır. Aldığı zərbə onun üçün təhlükəli olubolmadığını dərk edərək yıxıldığı yerdən tərpənməyib uzanıqlı şəkildə oturaq formada qalmışdır. Bunu görən həmin mərtəbin 4(dörd) nəfər müəllimi, ikinci mərtəbədə işləyən digər müəllimlər, texniki işçilər və digər işçilər ona yaxınlaşıb köməklik göstərmək istəmişlər. Hadisə yerinə ibtidai siniflər üzrə direktor müavini X7 gəlmiş, operativ olaraq ona məlumat vermişdir. O, hadisə baş verən andan təxminən 10 (on) dəqiqə sonra liseyin iki tibb bacısı ilə hadisə yerinə gəlmişdir. Operativ olaraq müəllimin ailəsinə xəbər verib, təcili tibbi yardım stansiyasına zəng edilib. Qısa müddət ərzində hadisə yerinə əvvəlcə müəllimin anası, sonra da təcili tibbi yardım stansiyasının həkim briqadası gəlib. Xəsarət almış müəllim yerindən tərpənməməklə, həkim briqadasının iştirakı ilə o, xərəklə tibb maşınına qoyularaq, xəstəxananın qəbul şöbəsinə çatdırılmışdır. Şəxsən özü xəstəxanaya getmiş, onun müayinə olunmasında iştirak etmişdir. Sonra da məktəbə iş başına qayıtmışdır. Mütəmadi olaraq onunla telefon əlaqəsi saxlayır. Hadisə ilə bağlı Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinə yazılı məlumat vermişdir. Xəsarət alan Jalə Əliyeva mart ayı üçün tam formada əmək haqqı almışdır. Baxmayaraq ki, o, martın 28 və 29 işdə olmamış, lakin həmin günlərin əmək haqqını almışdır. Bu bayram öncəsi istisna hallarda əmək haqqı tabellərinin bir neçə gün qabaq təhvil verilməsi ilə bağlı olan prosesdir. Aprel ayının aylıq haqqı cədvəli işlənərkən həmin günlər Jalə Məmmədovadan tutulacaqdır. Jalə Məmmədovanın məktəbdə xəsarət almasında heç bir kəsin nə şagird, nə müəllim, nə də texniki heyətin günahı yoxdur, ayağı sürüşüb, müvazinətini itirib yıxılıb. Məktəbdə əməyin mühafizəsi üçün hər bir şərait və ya maarifləndirmə tədbirləri görülüb. Divarlarda müxtəlif məlumatlandırıcı və maarifləndirici vəsaitlər vardır. Məktəb-liseydə işçi qəbulu mərkəzləşdirilmiş imtahan və ya müsahibə yolu ilə qəbul edilir. Məktə-lisey müstəqil işçi qəbul etmir. İşə qəbul zamanı işə götürülən əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydaları yanğın zamanı hərəkət normaları və s. tanış edilir. Pedaqoji şuralarda mütəmadi olaraq bununla bağlı cari söhbətlər və maarifləndirici mövzular haqda məlumatlar verilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X2 30 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş X6 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X2 30 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş orqan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X2 nümayəndəsi X5 bildirmişdir ki, xx.xx.2024-cü il tarixində bədbəxt hadisə baş vermiş, lakin məlumat verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən işdə baş verən hadisə ilə bağlı məlumat verməlidir. Həmin maddəyə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Hətta xəstəxanada olduqda xəstəxana da məlumat verməlidir. Şikayət əsassızdır, odur ki, təmin olunmamasını xahiş edir. Məhkəmədə elan olunmuş və iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X2 30 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nın 555.1-ci maddəsi ilə 1300 manat cərimə olunmuşdur. X4 Gəncə Şəhər Məhkəməsinə ünvanladığı Ərizəsindən görünür ki, o, 27 mart 2024-cü il tarixdə işlədiyi məktəbdə dərs vaxtında deyil, fasilə müddətində özünün ehtiyatsızlığı səbəbindən yıxılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib işdəki sənədləri işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan təmin olunmalıdır. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati tənbehvermə haqqında Qərar qəbul edilmişdir. Həmin maddənin dispozisiyasına əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi inzibati məsuliyyət yaradır. Göründüyü kimi, maddənin dispozitiv şərtinin yaranması üçün ilk növbədə hadisənin istehsalatda bədbəxt hadisə olması, sonra isə bu barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi faktı mövcud olmalıdır. Hazırki iş üzrə məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin dispozitiv şərtinin yaranmasının üçün birinci komponent - hadisənin istehsalatda bədbəxt hadisə olması faktı mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında Əsasnamənin 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü. İş üzrə X4 ərizəsindən də görünür ki, hadisə onun əmək vəzifələrinin icrası zamanı deyil, şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən baş vermişdir. Belə ki olan halda, məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tərkibi hazırki iş üzrə mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1709/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1709/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver