Məhkəmə qərarları › İş №3(125)-1710/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1710/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1710/2024 24.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin məsləhətçisi əmək müfəttişi X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN N° ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN N° ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, X7 "xxxx" QSC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidməti Bakı şəhər İdarəsinə əmək müqaviləsinə xitam verildikdən sonra 2023-cü ilin sentyabr ayında müraciət etmişdir. Onun müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən baxılmasının nəticəsi olaraq sonuncu barəsində AR İXM-nin 198.1.5-ci maddəsində əks olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-in 198.1.5-ci maddəsinə əsasən 900 (doqquz yüz) manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İlkin olaraq məhkəmənin diqqətinə çatdırmışdır ki, qərarda onun 2023-cü il ərzində işçinin artıq işə cəlb etdiyi qeyd olunur. Lakin işəgötürən olaraq qeyd edilən pozuntulardan heç biri törədilməmişdir. Araşdırma zamanı işçinin iş saatından artıq işlədilməsini pozuntu olaraq müəyyən edildiyi bildirilmişdir. Halbuki artıq işlənilən saata görə işçiyə əlavə əmək haqqı ödənilmişdir. Yəni heç bir pozuntuya yol verilməmişdir. Ümumiyyətlə İXM-də əks olunan “normal əmək və istirahət rejimi” dedikdə nə nəzərdə tutulur onlar üçün anlaşılmazdır. AR Əmək Məcəlləsində yalnız 1 yerdə “normal əmək və istirahət rejimi” ifadəsi işlənir ki, o da “Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri” maddəsində əks olunmuşdur. Yəni əməyin təhlükəsizliyi ilə bağlı olan şərait nəzərdə tutulur. Lakin araşdırma zamanı ona sırf vaxt normalarına düzgün riayət etməməyi nöqsan olaraq bildirilmişdir. Məlum olduğu kimi İXM maddi normaların pozulmasını özündə əks etdirir. İXM-in 198.1.5-ci maddəsi Əmək Məcəlləsinin 215-ci maddəsində əks olunan - təhlükəsizliyin pozulmamasını özündə xəta olaraq əks etdirir. Buna görə də “iş saatından artıq işləmə halında” qeyd edilən maddə, yəni 198.1.5-ci maddə ilə təqsirli hesab edilə bilməzdi. Buna görə də sözügedən qərar ləğv edilməlidir. Əməlində inzibati xəta tərkib əlamətləri olmadığından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs kimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1,5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyi barədə MN ******* saylı, 15 aprel 2024-cü il tarixli protokol əsasında tərtib edilmiş MN ******* saylı, 24 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X5 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X2 ifadəsində bildirmişdir ki, X4 "xxxx" QSC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış müraciətinə baxılmış, Əmək Müfəttişliyi müraciətlə bağlı "xxxx" QSC-yə məktub ünvanlayaraq sənədləri təqdim etməsini xahiş etmiş, lakin QSC tərəfindən sənədlər tam təqdim olunmamışdır. İşçi 5 günlük iş həftəsinə əsasən iki gün 6 günlük iş həftəsinə görə bir gün istirahətlə işləməlidir. QSC-nin işçilərin işə davamiyyət jurnalında aşkar edilmişdir ki, 2023-cü ilin sentyabr ayında işçilər 13 gün fasiləsiz işə cəlb edilmişdir. Bununla da vəzifəli şəxs olaraq QSC-nin rəhbəri inzibati məsulliyyətə cəlb edilmişdir. Sonda o, şikayətin əsassız olması səbəbilə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətin araşdırılması zamanı yalnız inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin bildirdiyi istirahət günlərinin sayına deyil, həmçinin əmək müqaviləsi üzrə müəyyən edilmiş həftəlik iş saatları normasının yuxarı həddinə riayət edilib-edilməməsi məsələsinə də diqqət yetirilmişdir. Şikayətçi tərəfdən X4 əmək müaviləsinin surəti tələb edilmiş, əmək müaviləsinə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, müqavilədə həftəlik iş saatlarının yuxarı həddi 40 saat müəyyən edilsə də, tabelə baxış keçirildiyi zaman X4 həftə ərzində 56 saat işləməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrəicraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinin tələbləri pozulmuşdur. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN N° ******* nömrəli “inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar