Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-172/2022 19.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1965-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 32-ci küçə, fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 16 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 31-ci küçədə yaşayan X2 məxsus evin həyətindən aliminium qazan, dəmir çarpayı və dəmir stolu oğurlamaqla 50 manat məbləğində, 29 iyun 2022-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 31-ci küçədə yaşayan X2 məxsus yarım tikili evin həyətində olan elektrik naqillərini və rozetkalarını gizli yolla oğurlamaqla 300 manat məbləğində, ümumilikdə isə 350 manat məbləğində vətəndaş X2 ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 2-ci polis şöbəsi tərəfindən xx.xx.2022ci il tarixli, MN ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsinin sahə rəisi X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində hazırkı inzibati xəta haqqında protokolları tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokollarda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən törədilmişdir. O, bu əməlləri maddi imkansızlıqla əlaqələndirmişdir. Oğurladığı əşyaları tanımadığı şəxslərə satmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə maddi imkanı olmadığını və o, hətta həbs olunsa belə, çıxdıqdan sonra eyni əməlləri yenə də törətməkdə davam etmək məcburiyyətində olduğunu bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X4 telefonoqram vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 18 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X2 məxsus olan, birinin dəyəri 15 manat olmaqla, ümumi dəyəri 30 manat olan 2 ədəd aliminium qazan, hər birinin dəyəri 5 manat olmaqla, ümumi dəyəri 10 manat olan 2 ədəd dəmir çarpayıların setqalarının və 1 ədəd dəyəri 10 manat olan dəmir stolun oğurlanmasına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 08 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 31-ci küçədə yaşayan X2 məxsus yarımtikili evdən 300 manat dəyərində naqilləri gizli yolla talayaraq zərərçəkmiş şəxsə 300 manat ziyan vurulmasına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 18 iyul 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 18 iyul 2022-ci il tarixdə, saat 18:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən, eləcə də məsuliyyətdən azad edilmə üçün əsaslar, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda təbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla onun barəsində tərtib olunmuş protokollar üzrə müəyyən edilmiş əməllərə görə ayrı-ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 1 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2022-ci il saat 18:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-172/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-172/2022
19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver