Məhkəmə qərarları › İş №3(125)-1727/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1727/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1727/2024 10.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Ədil İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510, 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə 2-ci Polis Şöbəsinin inzibati ərazisində xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis kapitanı X2 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinin çağırışı ilə əlaqədar olaraq getdikləri ünvanda Şəxs sərxoş vəziyyətdə ucadan səslə nalayiq ifadələr işlətmiş və həmin vaxt ona yaxınlaşaraq nizam intizama dəvət etsələr də, polisin qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam etmişdir. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, DİN-in 102 xidmətinin əməkdaşlarına şikayətini bildirmək üçün zəng etsə də, spirtli içki təsiri altında olduğundan həm DİN-in 102 xidmətinin əməkdaşlarına, həm də onun yaşadığı ünvana dəvət etdiyi polis işçilərinə qarşı nalayiq ifadələr işlətmiş, yaşadığı ərazidə səs-küy salaraq ətrafda olan şəxsləri narahat etmişdir. Həmin vaxt ona yaxınlaşaraq nizam intizama dəvət etsələr də, polisin qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam etmişdir. Daimi iş yeri yoxdur. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 may 2024-cü il tarixdə saat 07:45-də tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 2-ci Polis Şöbəsinin inzibati ərazisində ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Ona görə də, Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-nin 510 və 535.1 maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında daha ciddi tənbeh nəzərdə tutulduğundan həmin maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etdirməsi, inzibati məsuliyyətini yüngülləşdirən hal isə əməlindən peşman olmasıdır. Məhkəmə qeyd edir ki, Şəxs daimi iş yerinin olmadığı müəyyən edilmişdir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, daimi iş yerinin olmamasını nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu 08 may 2024-cü il tarixdən saat 07:45-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar