Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1727/2025 30.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər İcra Hakimiyyətinin Baş memarı X5 tərəfindən qəbul edilən inzibati tənbeh vermə haqqında 16 may 2025-ci il tarixli MN ******* saylı qərarı ilə İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1000 (min) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən inzibati xəta haqqında qərar və protokol bir sıra hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuzdur və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Əvvəla onu göstərmiş ki, o, adı çəkilən qərarın mövcud olmasından xx.xx.2025-ci il taridə telefonuna gələn mesajdan sonra xəbər tutmuş və dərhal ərizə ilə İcra Hakimiyyətinə müraciət edərək qərarın sürətinin verilməsini xahiş etdikdən sonra poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ona göndərilmişdir. Bildirir ki, bu günə qədər ona nə protokolun, nə də ki, qərarın sürəti göndərilməmişdir. Bundan başqa həmin qərarın qəbul edilməsi üçün əsas olmuş inzibati xəta haqqında MN ******* saylı protokol qanun pozuntuları ilə qəbul edilmişdir. Həmin protokolun tərtib edilməsi barədə hər hansı bir məlumat verilməmiş, protokol isə onun iştirakı olmadan tərtib edilmişdir. Odur ki, protokol tərtib edilərkən öz mülahizələrini irəli sürə bilməmiş və bununla da onun hüquq və vəzifələri məhdudlaşdırılmışdır. Bundan başqa protokolda tərtib edilməsi tarixində də düzəliş edilmişdi. Qeyd edir ki, onun əməlində ümumiyətlə həmin maddənin tərkibi yoxdur. Torpaq sahəsi onun xüsusi mülkiyyətində olan torpaq sahəsidi və həmin torpaq sahəsində (yaşayış evinin arxasında) kiçik ölçülü tikinti etmişdir. Məhkəmə iclasında X7 çıxışında şikayət ərizəsinin məzmununa uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki apardığı tikinti ilə bağlı qeyri-rəsmi formada icra hakimiyyətinə məlumat vermişdir. Belə ki, həyat yoldaşı şəhərin baş memarı (X2) həyat yoldaşını yaxından tanıdığına görə onunla telefon əlaqəsi yaradıb tikinti barədə məlumat vermiş və qarşı tərəf də heç bir problemin olmadığını bildirmişdir. Bundan sonra memarlıqdan Fuad adlı işçi gəlib lahiyəni çəkmiş və Elvin müəllimlə görüşməli olduğunu bildirmişdir. O, isə Elvin müəllimin daha sonra icra başçısı Niyazı Bayramovun qəbulunda olmuş və başçı sənədlərini qaydaya salmasını və portala yerləşdirməsini bidirərək torpaq sahəsinin şəxsi mülki olduğundan tikinti üçün heç bir problemin olmadığını bildirmişdir. Daha sonra isə onun telefon nömrəsinə cərimə olması ilə bağlı bildiriş göndərilmişdir. O, ifadəsinin sonunda barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərarı qəbul etmiş Gəncə şəhər İcra Hakimiyyətinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X1 şəhəri, Əli Nəzmi küçəsi, ev 46 ünvanında özbaşına tikinti işləri aparmışdır. - xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X7 qanunsuz tikinti işləri apardığından İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1000 (min) manat məbləğində cərimə edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası tam mülkiyyət hüququ üzrə 09 oktyabr 2012-ci ildə X10 oğlunun adına qeydə alınmışdır İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X4 əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün səbəb olan müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan qanunsuz olaraq yaşayış evi tikməsi barədə heç bir sübut növü inzibati xəta haqqında qərarı qəbul etmiş Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilməmiş, X4 təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol və qərar tərtib etməklə kifayətlənmişlər. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi göstərilmişdir. Həmin Məcəllənin 395.1-ci maddəsinin tövfisedici əlaməti müvafiq icazə alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (bundan sonra ŞTM) müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsindən ibarətdir. ŞTM-nin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin məcəllənin 74.2-ci maddəsinə əsasən 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. ŞTM-nin 75.1 - maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin məcəllənin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. ŞTM-nin 79.2-ci maddəsinə əsasən bu məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. ŞTM-nin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80-cü maddəyə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1-cü maddəsinə əsasən bu məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. Həmin məcəllənin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tərkibinin yaranması üçün Mənzil İnşaatı Dövlət agentliyinin icazəsi olmadan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan obyektlərin inşa edilməsinə görə inzibati məsuliyyəti özündə ehtiva edir. Lakin iş materiallarından və təqdim edilmiş sübutlardan görünür ki, Gəncə şəhəri Əli Nəzmi küçəsi, ev 46 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi - şikayətçi X6r və sifarişçi X4 müraciəti əsasında ünvan 2 ünvanından yerləşən bir mərtəbəli Yaşayış evinin eskiz layihəsi hazırlanmışdır.(lisenziya № İN/L-2209/2016 30 noyabr 2016-cı il) Qeyd edilməlidir ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikinti obyektlərinin tikintisinə icazə tələb olunmayan obyektlər qanunvericlikdə konkret olaraq qeyd edilmiş və sadalanan obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil edildiyinindən İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan qaydada icazə tələb olunmadığından həmin maddəyə əsasən şikayətçinin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Bundan başqa məhkəmə, şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələbinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. Lakin, X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, qərarın məzmununda sadəcə “ünvan 3 ünvanında yaşayan X4 qanunsuz olaraq tikinti işləri apardığına görə onun barəsində Gəncə Şəhər İcra hakimiyyətinin baş memarı Elvin Həsənzadə tərəfindən Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol və qərar qəbul edilmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə araşdırma X4 hüquqları pozulmaqla həyata keçirilmişdir. Belə ki, İXM-nin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Barəsində inzibati xəta haqqında iş üzrə qərar verilmiş şəxs X1 Şəhər İcra Hakimiyyətində barəsində inzibati xəta haqqında qərar çıxarılarkən iştirakının təmin edildiyi, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə ona məlumat verildiyi iş materialları ilə müəyyən olunmur. X7 da bildirir ki, barəsində inzibati xəta haqqında işə baxılmasının vaxtı barədə ona məlumat verilməmişdir. Məhkəmə hesab edir ki, bu hal X4 Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu isə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneədir. İşin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı zəruridir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən “bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması” inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X4 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X7 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1727/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1727/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver