Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-173/2025 17.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Hazırda borclu Şəxs 1640 manat aliment borcu mövcuddur, o icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, lakin borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Bununla da borclu Babayev X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, borclu uşaqlarını görmədiyini əsas gətirərək icra sənədi üzrə aliment borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Borclu tərəfindən ödənilməyən aliment borcu 1640 manat təşkil edir. Onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Rusiya Federasiyasında yaşayır və işləyir. Məhkəmə qətnaməsi ilə onun uşaqların saxlanması üçün 480 manat aliment ödəməsi müəyyən olunsa da, o hər ay 120 manat artıq, yəni 600 manat aliment ödəyir. Buna baxmayaraq tələbkar onu uşaqlarla görüşdürmür, tələbkarın qardaşından eşitdiyinə görə tələbkar uşaqları ac saxlayır, belə halda alimenti kimə ödədiyini bilmək istəyir. Bundan başqa, nikah pozulduqdan sonra aliment qismində tələbkarın anasının kart hesabına 4000 manat pul göndərsə də, həmin pul aliment borcuna yox, guya tələbkarın anasına olan borcuna çıxılmışdı. Hazırda tələbkara 1640 manat aliment borcu olsa da, həmin borcu birdəfəlik ödəməyə imkanı yoxdur, hissə-hissə hər ay 600 manat ödəyə bilər. Həmçinin əlavə etdi ki, onun ölkədən getməsinə məhdudiyyət qoyulduğu, Azərbaycanda yerləşən bütün əmlakları tələbkar tərəfindən satıldığı və himayəsində insult xəstəsi anası olduğundan borcunu tam şəkildə ödəyə bilmir. Ancaq uşaqları ilə görüşməsi təmin ediləcəyi təqdirdə hazırda cəmi 600 manat ödəyə bilər, bununla belə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu borcunu ödəməkdən qəsdən yayınır. Borclunun onu uşaqlarla görüşdürməməsi barədə izahatı tamamilə yalandır. Yaşları 15, 14 və 6 olmaqla, üç uşağı var. Təxminən üç dəfə uşaqları İcra İdarəsində icra məmurunun iştirakı ilə borclu ilə görüşdürmüş, lakin görüşlərin birində borclu qızının qolunu tutub sıxdığına görə Daxili İşlər Nazirliyinin 102 Qaynar xəttinə müraciət etməli olmuşdur. Hazırda borclunun ona 1640 manat aliment borcu var. Bundan əvvəl apellyasiya instansiyası məhkəməsində onun razılığı ilə 500 manat ödəniş edildiyinə görə borclu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Borclu hazırda qəsdən alimenti ödəmir. Tələbkar sonda, aliment borcunun tam şəkildə ödənilməsini təmin etmədiyi təqdirdə borclunun həbs edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-218/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq borcludan hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkara ödənilməlidir. xx.xx.2024-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 Şəhər Məhkəməsinin 2(125)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. xx.xx.2024-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-218/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə qərarını icra etməməsi barədə xəbərdar olunmuşdur. Borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatda icra sənədindən xəbərdar olduğunu, bugünkü günə aliment borcundan cəmi 600 manat ödəniş etdiyini bildirmişdir. İş materiallarından görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elşən Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin 8(125)-247/2024 nömrəli, xx.xx.2024-cü tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-218/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli icra vərəqəsi üzrə borc ödənilənədək, xx.xx.1982-ci ildə Gəncə şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat vərəqindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 8(125)-247/2024 nömrəli, xx.xx.2024-cü tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə İdarədə verdiyi izahatında icra sənədindən xəbərdar olduğunu, bütün borcunu ödəməyə imkanı olmadığını, borcunu hissə-hissə ödəyərək həmin tarixədək aliment borcundan 9320 manata qədər ödəniş etdiyini, 2680 manat təşkil edən aliment borcunu hər ay hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Həmçinin, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak olmadığı, aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətinin olmadığı qeyd edilmişdir. 06 iyun 2024-cü il tarixli, MN seriyalı, № ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay hər bir uşaq üçün 160 manat olmaqla cəmi 480 manat ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-2037/2024 nömrəli, 14 iyun 2024-cü tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-346/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 14 iyun 2024-cü tarixli, 3(125)-2037/2024 saylı qərarı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə İdarədə verdiyi izahatında icra sənədindən xəbərdar olduğunu, uşaqlarını görmədiyi üçün icra sənədini tam şəkildə icra etmədiyini, həmin tarixədək aliment borcundan 7360 manata qədər ödəniş etdiyini, 1640 manat təşkil edən aliment borcunu 6 aya ödəyəcəyini qeyd etmişdir. Həmçinin, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak olmadığı, aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətinin olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, icra sənədi üzrə heç bir ödəniş etməmiş və tələbkar Zərərçəkmiş şəxs 1640 manat ödənilməyən aliment borcu qalmışdır. Borclunun ondan aliment tutulması barədə məhkəmə qətnaməsindən məlumatlı olmasına baxmayaraq tələbkara heç bir ödəniş etməməsi icra sənədinin icrasına səhlənkar yanaşdığını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 yanvar 2025-ci il tarixdən, saat 19:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-173/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-173/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver