Məhkəmə qərarları › İş №3(125)-1731/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1731/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1731/2025 18.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs və nümayəndəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Vəkil, şahidlər Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə, Vəzifəli şəxs Şəxs (FİN xxxxxxx, VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs əməyin mühafizəsi qaydalarını pozaraq işlətdiyi Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən 47 nömrəli Uşaq baxçasının yaxınlığında yerləşən çörək sexində xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi olmadan bişirici vəzifəsində işlərin görülməsinə cəlb etdiyi Şahid1 “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.237 bəndinin tələblərinə əsasən “sobaların, qaz piltələrinin və digər analoji qaz işlədicilərinin odluqlarının kranlarını açmağa ancaq alışdırıcı yandıqda, alışdırıcı olmaqdıqda isə odluğa (forsunkaya) alışdırıcı məşəli yaxınlaşdırdıqdan sonra icazə verilməsi, qaz cihazı yandırarkən odluğun (forsunkanın) alovu söndüyü halda mütləq qaz kranı bağlanmalı, yenidən yandırmazdan əvvəl hava dəyişdiriməli, yenidən yandırmanın ancaq 5 dəqiqədən sonra aparılması” barədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə təlimatlandırmamış, nəticədə sonuncu kürədə baş vermiş partlayış nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almış, bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati xətasını törətmişdir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasıdır. Şahid1 xx.xx.2024-cü il tarixdə çörək sexində işləyərkən iş vaxtı az ağır xəsarət alması faktında cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması xx.xx.2025-ci il tarixli qərarla rədd edilmişdir. Odur ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs çıxışında sexin ümumiyyətlə işləmədiyini, yaxın günlərdə fəaliyyət göstərməsi məqsədilə sexdə hazırlıq işləri görüldüyünü bildirmişdir. Şahid1 ilə Şahid3 hadisədən sonra tanıdığını bildirmişdir. O, Valyanın qızı Güneli tanımış və hadisə baş verdikdən sonra Güneldən onların kim olduqlarını soruşduqda Günel anası Valyanı və tanışı Susannanı kömək etmək məqsədilə sexə çağırdığı bildirmişdir. Həmin günü nə təndirdən, nə kürədən, nə də ki, sobadan istifadə olunmadığını, mantı və xəngəldən isə (dondurulmuş variantda) açılış zamanı vitrinə düzmək məqsədi ilə hazırlandığını bildirərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Vəkil çıxışında sahibkarın cərimə olunması üçün heç bir hüquqi əsası olmadığını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 izahatında Şəxs tanımadığını, onun qızı Şahid2 ilə şərikli çörək sexi açıb işlətməsi barədə razılaşdıqlarını, sexdə təmir işlərinin getdiyini bildirmişdir. Hadisə baş verən günü qızı Günel onunla birlikdə sexə getməsini xahiş etmiş, o, da qız ilə razılaşaraq sexə getmişdir. O, sexdə olan zaman kürəyə-təndirə baxmış, daha sonra qazı yoxlamaq üçün ilk öncə qazı açmış, daha sonra kağızı yandırıb içəri atdıqda bu zaman qaz partlamış və üz nahiyəsi yandığından onu Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Sonda o, sexdə işləmədiyini, sadəcə qızına kömək etmək üçün sexə getdiyini və öz ehtiyatsızlığından xəsarət aldığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 izahatında Şəxs Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən sexin sahibi kimi tanımışdır. Onlar həmin sexi Şəxs ilə birlikdə açıb işlətmək barədə razılığa gəlmişlər. Sexin açılışı məqsədilə orada müəyyən hazırlıq işləri görülmüşdür. O, hadisə baş verən zaman sexə baxmaq üçün anasından onunla birlikdə sexə getməsini xahiş etmiş, anası da onunla birlikdə sexə getmişdir. Anası kürəni yoxlamaq məqsədi ilə qazı açmış və sonra kağızı yandırıb kürənin içərisinə qoyan zaman partlayış olmuş və anasının üzü və qolları yanmışdır. Məhkəmə iclasında Şahid3 izahatında Şahid1 oğlunun nişanlısı olduğunu, Şəxs isə tanımadığını bildirmişdir. O, sexin açılışı ilə əlaqədar Şahid2 kömək etmək üçün sexə getdiyini, gürcü xəngəli hazırladığını və həmin vaxt partlayışın olduğunu bildirmişdir. Məhkəmə iclasında Gəncə şəhər prokurorluğunun nümayəndəsi X3 izahatında şahidlərin məhkəmədə mötəbər ifadələr vermədiklərini, Şəxs köməklik göstərilməsi və onun cərimə olunmaması üçün məqsədli ifadələr verdiklərini bildirmiş, hadisə vaxtı yəni prokurorluğun araşdırılması zamanı alınmış izahatların mötəbər hesab edilməsini və Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: - 11 oktyabr 2024-cü il tarixli telefon məlumatının qəbul edilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:30 radələrində Şahid1 baş və boyun nahiyəsinin 1-ci dərəcəli termiki yanğın xəsarətləri ilə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. - Məhkəmə-Tibbi Ekspertiza və X2” 21 oktyabr 2024-cü il tarixli 1631 saylı rəyindən görünür ki, vətəndaş Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-hər iki said, alın və hər iki yanaq nahiyələrinin termiki yanıq yaraları yüksək hərarətin (alovun) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. - Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2025-ci il tarixli 10/1514 nömrəli məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 47 saylı uşaq baxçasının şərqində yerləşən çörək sexindəki kürənin daxilində baş vermiş partlayış, kürənin qaz xəttinin üzərindəki ventil tam açıldıqdan sonra kürənin içərisinə qazın dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının kürənin içərisinə yaxınlaşdırılan məşəlin (alovun) təsirindən alışması nəticəsində yaranmışdır. Qazla işləyən kürənin odluğunu yandırmaq üçün əvvəlcə kürənin odluğunun qapayıcı kranı açıldığına və bundan bir neçə dəqiqə sonra alışdırıcı məşəl odluğa (forsunkaya) yaxınlaşdırıldığına görə, baş vermiş hadisə ilə əlaqədar “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.237 bəndinin tələbləri pozulmuşdur. Şahid1 kürəyə gedən qaz xəttinin üzərindəki qapayıcı kranı tam açdıqdan sonra yandırdığı məşəli (kağızı) bir müddət sonra kürənin odluğuna yaxınlaşdırdığına görə onun hərəkətləri “Qaz təsərrüfatında təhlükəsizlik qaydalan”nın 9.237 bəndinin tələblərinə zidd olmuşdur. Şahid1 rəsmi müqavilə bağanılmadan işə qəbul edildiyi, onunla təhlükəsizlik texnikası (o, cümlədən kürədə iş zamanı qazla davranış qaydaları) barədə təlimatlandırılma aparılmadığı nəzərə alınmaqla, çörək sexində işlərə rəhbərlik edən şəxsin (təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə cavabdeh şəxsin) hərəkətləri (hərəkətsizliyi) ilə hadisənin baş verməsinə səbəb olmuş pozuntu arasında səbəbli əlaqənin olub-olmamasına istintaq orqanı tərəfindən qiymət verilə bilər. - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış 24-3-2-2-415-0576 (500-C-24) nömrəli materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış material Gəncə şəhər prokuroruna göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyləri ilə müəyyən edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs sexdə olan vətəndaşları təlimatlandırmadığını və təhlükəsiz qaydaları ilə tanış etmədiyinə görə 11 oktyabr 2024-cü il tarixdə ehtiyasızlıqdan Şahid1 sağlamlığına az ağır zərər vurulmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar