Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1741/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndələri X4 və X5, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi X6 iştirakı ilə, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən İXM-in 266.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında materiallardan görünür ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən məişət tullantıları poliqonundan istifadə norma və qaydalarına əməl edilməmişdir. Bununla da, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən İXM-in 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi X8 bildirdi ki, tullantı poliqonunun yerləşdiyi əraziyə yaxın yaşayan sakinlər tərəfindən mütəmadi olaraq müvafiq orqanlara şikayətlər edilir. Bunun səbəbi budur ki, zibil poliqonunda təmsil etdiyi hüquqi şəxsin iradəsi olmadan müxtəlif şəxslər zibillikdə pula satıla bilən əşyalar axtarır, bəzi hallarda isə tullantıları yandırırlar. Belə olan halda sakinlər Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyindən şikayət edirlər. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi həmin poliqonun mühafizə edilməsi, qoruyucu səddin çəkilməsi üçün müvafiq işləri həyata keçirirlər. Lakin hazırda mühafizə səddi çəkilməmişdir. Bunun üçün İstehsalat Birliyinin vəzifəli şəxslərinin sırasından məsul şəxs təyin edilmişdir. Məhkəmədən hüquqi şəxsin deyil, vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X4 bildirdi ki, vətəndaşların müxtəlif tarixlərdə “zibil poliqonunda məişət tullantılarının yaranması, tüstünün narahat etməsi” ilə bağlı daxil olmuş müraciətləri idarə əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Müraciətlərin poliqon ərəzisində araşdırılmasında iştirak üçün nümayəndə ayrılması məqsədilə Gəncə şəhər Mənzil Kommunal Təsərüfatı Birliyinin rəis müavini Naqif İbişova müraciət edilmişdir. Şikayətçilərdən N.Muxtarov və E.Həsənovun iştirakı ilə Gəncə şəhər MKTİB-in tullantı poliqonuna birgə baxış keçirilmişdir. Baxış zamanı poliqonun perimetri boyu heç bir məlumatlandırıcı və xəbərdaredici lövhələrin vurulmadığı, giriş-çıxışa nəzarət edilmədiyi, tullantıların pərakəndə şəkildə boşaldığı, tullantıların zərərsizləşdirilməsi ilə bağlı heç bir iş görülmədiyi, tullantıların yandırıldığı, ətrafa qatı tüstünün yayıldığı məlum olmuşdur. Araşdırılma aparılan müddətdə qeyd olunan problemlərin aradan qaldırıması vacibliyi Gəncə MKTİB-in rəhbərliyinin diqqətinə çatdırılsa da, onlar hər dəfə yaxın günlərdə həll edəcəklərini bildirmişlər, lakin heç bir tədbir görülməmişdir. Bununla da, Gəncə şəhər MKTİB tərəfindən “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta törədilmişdir. Bu barədə akt tərtib edilmiş, sonradan isə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın digər nümayəndəsi X1 Namiq Zilfəli oğlunun dediklərini təsdiq edərək, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Gəncə şəhər MKTİB-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədiqiq edilmiş: - Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisinin 30 dekabr 2023-cü il tarixli Əmrindən görünür ki, X7 Xidmət Sahələri üzrə şöbəsinin rəis müavini X10 məişət tullantıları poliqonuna nəzarətçi və məsul şəxs təyin edilmişdir. - 02 may 2024-cü il tarixli 042 nömrəli Aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin sərəncamında olan məişət tullantıları poliqonuna baxış keçirilmiş, baxış zamanı poliqondan istifadəsi norma və qaydalarının pozulması faktı aşkar edilmişdir. - Fotoşəkillərdən görünür ki, məişət tullantıları poliqon boyu yayılmış, poliqonun mühafizə edilməsi istiqamətində heç bir mühafizə və xəbərdaredici avadanlıq mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Bu hal iş materialları ilə tam sübut edilir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin vəzifəsi şəxsin məsuliyyətə cəlb edilməli olması ilə bağlı fikirlərinə münasibətdə məhkəmə qeyd edir ki, vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməl üzrə hüquqi şəxsin məsuliyyətini istisna etmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 266.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə. qərara aldı: Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat X14 Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək 10000 (on min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1741/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1741/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver