Məhkəmə qərarları › İş №3(125)-175/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-175/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-175/2024 10.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş AR-nın vətəndaşı, subay, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi,döngə 4,ev 1,mənzil 31 ünvanında yaşayan Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq X3 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq göndərilmişdir. Hazırda borclu Şəxs ödənilməmiş 5170 (beş min yüz yetmiş) manat aliment tələbi ilə bağlı borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu İdarəyə dəvət edilmiş,lakin gəlməmişdir.İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, borclu Şəxs axtarılması üçün qərar qəbul edilmiş və Gəncə şəhər 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən gətirilmişdir. Bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir.Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sonda o, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, hazırda rəsmi olaraq işləmir, əlavə gəliri yoxdur və səhhətində problemlər vardır. Ona möhlət veriləcəyi təqdirdə borcundan hissəhissə ödəniş edəcəkdir. Sonda o, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: - 10 yanvar 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-141/2018 saylı, 23 fevral 2018ci il tarixli icra sənədinə əsasən iddiaçının iddiası təmin edilmiş 02 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. - xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-141/2018 saylı, 23 fevral 2018-ci tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 icraatına daxil olmuşdur. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Borclu Şəxs Gəncə şəhər üzrə İcra İdarəsində verdiyi izahatlardan görünür ki, o, səhhətində problemlər olduğunu aliment borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmişdir. - xx.xx.2023-cü il tarixli X4 icra idarəsində yazdığı ərizəsindən görünür ki, Şəxs 4810 manat aliment borcu yığılmışdır. O, həmin borcu ödəmədiyi üçün Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. - 01 mart 2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, icra məmurunu və borclunu dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki Şəxs keçən bu müddət ərzində maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, aylıq borcunu hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə işləmədiyini bəhanə edərək üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. Bundan başqa o, inzibati məsuliyyətdən yayınmaq üçün hər dəfə icra idarəsinə çağırıldıqdan sonra borcunun az bir hissəsini ödəməklə icra sənədi üzrə tələbi icra etməsi görüntüsünü yaratmağa çalışır. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar