Məhkəmə qərarları › İş №3(125)-18/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-18/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-18/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər DYPŞ-nin polis mayoru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində sürücü Şəxs ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” minik markalı “** LD ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində X11 Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən M.Xələfov küçəsi istiqamətində təhlükəsiz dönməli, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, həmçinin həmin qanunun 76-cı maddəsinin 1-ci hissəsinə əsasən qarşıdan düzünə hərəkət edən X3 idarə etdiyi “Monidal” markalı motosikletə yol verməli olduğu halda həmin qaydalara əməl etməyərək Ş.İ.Xətai prospekti ilə üzü Dəyirmanın dairəsi istiqamətində düzünə hərəkət edən X3 idarə etdiyi “Mondial” markalı motosikletə yol vermədən M.Xələfov küçəsinə döndüyünə görə X4 idarə etməni itirib “Mondial” markalı motosikleti açıraraq burun nahiyəsinin səthi yarası və burun sümüyünün sınığı, sağ diz nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın yüngül zərər vurmaya aid edilən xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, qeyd olunan yol-nəqliyyat hadisəsi faktı üzrə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin sürücü Şəxs, X11 Qanunun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə ŞBPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermis yol nəqliyyat hadisəsi nəticəsində X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almış, buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs əməlini etiraf edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o, idarə etdiyi “VAZ 21074” minik markalı ** LD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə düzünə hərəkət edib M.Xələfov küçəsi ilə kəsişməsinə çatmışdır. O, işıqforun yaşıl işığı yandığı üçün kəsişməyə daxil olub yolun ortasına çataraq avtomobili bir qədər sola meylləndirərək qarşıdan gələn avtomobillər ötüb keçdikdən sonra sola, M.Xələfov küçəsinə dönmək üçün hərəkəti dayandırmışdır. O, qarşıdan gələn avtomobilləri buraxdıqdan sonra sola doğru hərəkətə başlamış M.Xələfov istiqamətində hərəkətə başlayıb Ş.İ.Xətai prospektinin yolun sol tərəfindəki hərəkət hissəsinə daxil olmuş, bu zaman anidən qarşıdan mopedin gəldiyini görmüş, lakin hərəktini dayandırmayaraq M.Xələfov küçəsinə doğru hərəkət etmişdir. Məhkəmədə hadisənin video görüntüsünə baxdıq da ona aydın olmuşdur ki, o, mopedi gözləməyərək hərəkət etdiyi üçün mopedin sürücüsü anidən tormozlamış və moped sağa-sola səndələnib aşmışdır. Sonda o diqqətdizlik etdiyini, əməlindən peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxsə maddi köməklik göstərdiyini, İİ qrup əlil olduğunu, avtomobil idərə edərək ailəsini dolandırdığını nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 1439 saylı rəyindən görünür ki, vətəndaş X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər burun nahiyəsinin səthi yarası və burun sümüyünün sınığı, sağ diz nahiyəsinin sıyrığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. xx.xx.2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur (ayıqdır). İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2-ci və 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanə törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında diskə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “VAZ 21074” minik markalı ** LD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə dönmə əməliyyatı zamanı qayda pozuntusu etdiyi üçün X5 idarə etdiyi “Mondial” markalı mopedin idarəetməsini itirərək üzü üstə asfalta yıxılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Şəxs ikici dərəcə əlildir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar: yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “X11” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması; svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə; dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi; birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə; avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsi, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi, geriyə dönmə, geriyə hərəkət etmə və sürmə təlimi keçmə; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması – nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “X11 Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ikinci dərəcə əlilliyinin olmasını, himayəsində üç azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar