Məhkəmə qərarları › İş №3(125)-1801/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1801/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1801/2023 16.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Şahidlər Gəncə şəhər Baş Polis İdarəsinin post-patrul xidməti taboru polis nəfərləri X2 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510, 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir edərək onların qanuni tələbinə tabe olmamışdır. Ona görə də barəsində İXM-nin 510, 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, X3 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, hadisə baş verən gün Gülnarə Məmmədova ilə birlikdə məclisdə spirtli içki qəbul etmişlər. Taksidə evə qayıdan zaman taksi sürücüsü də içkili olduğu üçün yol polis əməkdaşları tərəfindən saxlanılaraq avtomaşın cərimə meydançasına təmin edilmişdir. O və Gülnarə içkili olduqları üçün yol patrul xidməti əməkdaşlarından onları evə aparmalarını xahiş etmişdirlər. Onlar imtina etdikdən sonra yol patrul xidməti əməkdaşları ilə mübahisə etməyə başlamış, əraziyə cəlb edilmiş post patrul əməkdaşları ilə də eyni mübahisəni etmişlər. Həm o, həm də Gülnarə polis əməkdaşlarının onlara tətbiq etdiyi fiziki gücə cavab olaraq, müqavimət göstərmişlər. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Gəncə şəhər Baş Polis İdarəsinin post-patrul xidməti taboru polis nəfəri X5 bildirdi ki, xidmətdə olan zaman hadisə yerinə cəlb edilmiş, hadisə yerinə gəldikdə bir nəfər qadın və bir nəfər kişinin polis əməkdaşları ilə mübahisə etməsinin şahidi olmuşlar. İnal onlardan həm onu, həm də qadını evə aparmalarını tələb etmişdir. Onlar isə bunun mümkün olmadığını bildirdikdə Gülnarə və İnal onları nalayiq ifadələrlər təhqir etmişdir. Hər ikisini avtomobilə təmin edən zaman Gülnarə onun qolunu dişləmişdir. İnal isə müqavimət göstərərək onun paltarını cırmışdır. Məhkəmə iclasında şahid Gəncə şəhər Baş Polis İdarəsinin post-patrul xidməti taboru polis nəfəri X6 da X5 ilə eyni məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 16 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir edərək onların qanuni tələbinə tabe olmamışdır. Ona görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokolun surətindən görünür ki, Şəxs 16 avqust 2023-cü il tarixdə saat 03:09-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 16 avqust 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskdəki videoya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gülnarə Məmmədova və Şəxs inzibati materialda göstərildiyi kimi polisin ünvanına nalayiq ifadələr işlədərək, qanuni tələb tabe olmurlar. Beləliklə, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, eyni anda iki inzibati xətanı törətməsini, əməlində məsuliyyəti ağırlaşdıran halı olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar