Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1805/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 00900-00254/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Gəncə Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1600/012/001429 nömrəli raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen: **********) MMC-nin ünvanına Türkiyə Respublikasından Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Hyundai R290 LC-9 Ekskavator” yükü xx.xx.2022-ci il tarixli **********9526 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirmişdir. xx.xx.2024-cü il tarixdə qeyd olunan bəyannamə üzrə rəsmiləşdirilmiş yükün ölkə ərazisində müvəqqəti qalma müddətinin bitməsinə baxmayaraq müddətin uzadılması və digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı Şəxs MMC tərəfindən heç bir müraciət daxil olmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Araşdırma ərzində xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 MMC-nin adından iltizam götürmüş və xx.xx.2024-cü il tarixdə izahat verərək müvəqqəti idxal olunan “Hyundai R290 LC-9 Ekskavator” yükünün müddətinin uzadılması ilə bağlı gömrük orqanına müraciət edəcəklərini, eyni zamanda inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılmasına və tətbiq olunacaq cərimənin könüllü surətdə ödənilməsinə hazır olduqlarını qeyd etmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, 00900-00254/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Beləliklə, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********9526 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirdiyi yükün müddətinin bitməsinə baxmayaraq MMC qeyd edilən yükü təkrar ixrac etməmiş və ya başqa gömrük proseduru altında yerləşdirməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 məhkəməyə izahat verərək, bildirdi ki, “'MAQRO CONSTRUCTİON” Maqro Qrupa daxil olan şirkətlərdən biri kimi Gürcüstan və Azərbaycan Respublikası ərazilərində bir sıra dövlət layihələri və beynəlxalq layihələri həyata keçirmişdir və hal-hazırda da keçirməkdə davam edir. "MAQRO CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı olaraq "xxxx" QSC ilə bağlanmış müqavilələr üzrə Azərbaycan Respublikası, Daşkəsən rayonunda Çovdar yatağının sulfid mərhələsi ilə bağlı Mühəndislik, Təchizat və Tikinti İşləri ilə əlaqədar layihədə Baş Podratçı qismində iştirak edir, eyni zamanda Daşkəsən rayonunda həyata keçirilən digər ikinci layihəmiz olan "Daşkəsən rayonu, X4 Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işləri” layihəsində də Baş Podratçı qismində çıxış edərək və qeyd edilən layihələri uğurla həyata keçirilməkdədir. Eləcə də, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi (M2), LOT 3: Qırlı-Gürcüstan sərhədi hissəsi, km 82+200 - km 130+150” layihəsində “Filial” Baş Podratçı qismində çıxış edir. O cümlədən, Ağstafa-Qazax rayonu ərazisində “Qazax Yol” layihəsini də həyata keçirməkdə davam edir. Bundan əlavə, "Filial” Azərbaycan Memarlıq Dövlət Turizm Agentliyinin sifarişi ilə Quba rayonunda yerləşən "Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işləri layihəsini də həyata keçirir. Bundan başqa bu və bunun kimi digər texnikalarla bağlı, gömrük müddətinin uzadılması ilə əlaqədar MMC tərəfindən aidiyyəti üzrə Gəncə Gömrük İdarəsinə müraciətlər edilmiş, dövlət rüsumları tam olaraq ödənilmiş və Gəncə Gömrük İdarəsi tərəfindən texnikaların ölkə ərazisində qalma müddəti uzadılmışdır. Bununla da inzibati xəta tərkibi yaradan hal MMC tərəfindən aradan qaldırılmışdır. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini və Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının İnzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00900-00254/24 nömrəli inzibati xəta haqqında protokolla İXM-nin 499.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********9526 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn ““Hyundai R290 LC-9 Ekskavator” yükü Gəncə Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarında olan 16 may 2024-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi X2 Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Hyundai R290 LC-9 Ekskavator” yükünün ölkə ərazisində qalma müddətinin bitməsi ilə bağlı məlumatları olmamış və qeyd edilən yükün ölkə ərazisində qalma müddətinin uzadılması ilə bağlı gömrük orqanına müraciət ediləcəkdir. Gömrük qaydalarının pozulduğunu bilirlər, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tətbiq olunacaq cəriməni ödəməyə hazırdırlar. İş materiallarında olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Gəncə Gömrük İdarəsinin rəisi Pərviz Qədirova ünvanlanmış gömrük prosedurunun müddətinin uzadılmasına dair xx.xx.2024-cü il tarixli müraciətin surətindən görünür ki, **********9526 nömrəli gömrük bəyannaməsi əsasında rəsmiləşdirilmiş 8429 521000 Netto 29.700 kq Hyundai R 290 LC-9 Ekskavator 2013, xx.xx.2021 G-İM-003/21 nömrəli müqavilə üzrə icazə müddəti bitmədiyi üçün yaranmış 1448 AZN dövri ödənişlərinin ödənilmələrində müddətin dolmasını nəzərə alınmaqla müvəqqəti idxal bəyannaməsinin 3 ay müddətinin xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək uzadılması xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 816302-374 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Gəncə Gömrük İdarəsinin hesabına 60 manat pul köçürülmüşdür. Ödənişin təyinatı və əsası “YGB sorğu nömrəsi **********9526 gömrük yığımı” kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişin surətindən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsinin hesabına 2351,7 manat pul köçürülmüşdür. Ödənişin təyinatı “YGB sorğu nömrəsi **********9526” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 499.1 və 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: - bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-nin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi inzibati icraat zamanı araşdırma apararkən işin hallarına düzgün hüquqi qiymət vermədən, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İXM-in 499.1.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 499.1 və 499.1.3-cü maddəsindən aydın şəkildə görünür ki, qeyd edilən inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: - bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması ilə bağlıdır. Bir sözlə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və iş materiallarında olan digər sənədlərdən də aydın şəkildə görünür ki, qeyd olunan bəyannamə üzrə rəsmiləşdirilmiş yükün ölkə ərazisində müvəqqəti qalma müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi halda hüquqi şəxs barəsində İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər (bir aydan üç ayadək müddətə gecikdirilməklə) nəzərə alınmadan 25 (iyirmi beş) gün gecikdirilmə olduğu halda səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin **********9526 nömrəli gömrük bəyannaməsi əsasında rəsmiləşdirilmiş 8429 521000 Netto 29.700 kq Hyundai R 290 LC-9 Ekskavator 2013, xx.xx.2021 G-İM-003/21 gömrük müddətinin uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixdə MMC tərəfindən aidiyyəti üzrə müraciət edilmiş və dövlət rüsumu ödənilmiş, lakin bu hal da səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən nəzərə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının əməlində İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək, o cümlədən qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının əməlində İXMnin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, 00900-00254/24 saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1805/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1805/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver