Məhkəmə qərarları › İş №3(125)-1814/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1814/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1814/2025 25.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli, EQ 28117161 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan xx.xx.2025ci il tarixli, EQ 28117161 saylı inzibati qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, DYP-nin xx.xx.2025-ci il tarixli EQ 28117161 nömrəli qərarla barəsində İXM-nin 327.2-ci maddəsi ilə əsassız olaraq 3 balla qiymətləndirilərək 100 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, qərarda **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə” inzibati xətasını törətməyi bildirərək barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əlavə edilmiş foto-şəkildə göstərilən yolda ötmə əməliyyatını qadağan edici müvafiq nişan olmamışdır, hal hazırda həmin yerə baxış keçirildikdə də aydın olar ki, həmin yolda olan nişanlama xətti pozulmuş (sıradan çıxmış) və nəqliyyat vasitəsini istifadə edərkən onu gözlə görmək imkanı mövcud deyildir. Əlavə olaraq qeyd etmək istəyir ki, EQ 28117161 saylı elektron qərarda inzibati xətanın törədildiyi yer kimi “Bakı-Qazax yolu 428.5 km” qeyd edilmişdir. Lakin əlavə edilmiş fotoşəkildə nəqliyyat vasitəsilə hərəkətdə olduğum yol “Bakı-Qazax yolun”dan 1 km uzaq məsafədə olmuşdur. İXM-in 327.2-ci maddəsində təsbit olunmuş inzibati xəta qəsdən törədildikdə inzibati məsuliyyətə səbəb olur. Lakin onun əmələ qəsd formasında münasibəti olmamışdır. Belə ki, o, ötmə etdiyi zaman nişanlanma xətti pozulduğundan həmin yolda ötmənin hüquqa zidd xarakterini dərk etmək mümkün olmamışdır. Hesab edir ki, yol nişanlamasının sıradan çıxması səbəbindən həmin yolda sollamanın qadağan olması müəyyən edilmir. Bu səbəbdən də onun əməlində inzibati xətanın olmasının obyektiv qiymətləndirilməsi mümkün deyil. Hesab edir ki, əməlində inzibati xəta hadisəsi olmadığına görə qərar ləğv olunmalı və inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək inzibati xəta törətmədiyinə görə həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyərək, şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 28117161 saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X3 xx.xx.2025-ci il tarixdə saat 12:49-da Bakı-Qazax yolunun 428.5 KM-də əks istiqamətli yola çıxmaqla ötmə qaydasını pozmuş və İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 69-cu maddəsinin 1) hissəsinə əsasən 1.1 nişanlama xətti — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Avtomobil yolları haqqında Azərbaycan Respublikası qanunun 40-3 maddəsinin 8-ci bəndinə əsasən Yol hərəkətinin təşkilində istifadə olunan texniki nizamlama vasitələri (nişanlar, işarələr, istiqamətləndirici və çəpərləyici qurğular, işıqlandırma sistemləri, svetoforlar, hərəkəti avtomatik idarəetmə sistemləri) sutkanın istənilən vaxtında aydın görünməlidir. Lakin, iş materiallarına əlavə edilmiş foto şəkillərdən və DVD diskə əlavə edilmiş video görüntülərdən aydın olur ki, X3 tərəfindən nişanlanma xətlərinin tələblərinin pozulmasında təqsiri müəyyən olunmur. Belə ki, həmin görünütülərdən görünür ki, nişanlama xəttinin boyası pozulmuş və bu səbəbdən də xətdin düz və ya qırıq-qırıq olmasını dəqiq müəyyən etmək olmur. Beləliklə məhkəmə iclasında xx.xx.2025-ci il tarixli, EQ 28117161 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 nişanlama xəttinin tələbini pozmasında təqsiri sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28117161 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X3 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28117161 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar