Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1818/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X5, barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs (hüquqi ünvanı: AZ2000 Gəncə şəhəri, Atatürk 264; VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 02 may 2025-ci il tarixdə Gəncə şəhəri, Atatürk 264 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 210.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli, DVX seriyalı 001141 nömrəli yoxlama aktı ilə təsdiq edilir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X7 çıxışında yoxlamanın 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən keçirildiyini, inzibati xəta pozuntusu aşkar edildiyini, sənədlərin aktlaşdırılıb onlara göndərildiyini və həmin sənədlər əsasında protokol tərtib edildiyini bildirmişdir. O, hüquqi şəxs Şəxs MMC-nin barəsində dəfələrlə eyni əsasla, yəni lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olduğu üçün protokol tərtib edildiyini qeyd etmişdir. İfadəsinin sonunda protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 çıxışında lisenziyanın alınması üçün hüquqi şəxsin yerləşdiyi ünvana çıxarış tələb olunduğunu, çıxarışın alınması isə ümumi binanın problemi olduğunundan mümkün olmadığını və bu səbəbdən də lisenziyasız fəaliyyət göstərdiyini etiraf etmişdir. O, daha sonra qeyd etmişdir ki, sonuncu dəfə klinika 2024-cü ilin dekabr ayında inzibati qaydada cərimələndikdən sona fəaliyyətini göstərməmişdir. İfadəsinin sonunda klinikanın fəaliyyət göstərmədiyini əsas gətirərək hüquqi şəxsin barəsində tərtib edilmiş inzibati protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, hüquqi şəxsin barəsində inzibati protokol tərtib edildikdən sonra hüquqi şəxsə məxsus vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) bağlatdırmışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görəfiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********661 nömrəli qərara əsasən AZ2000 Gəncə şəhəri, Atatürk 264 ünvanında yerləşən Şəxs MMC barəsində plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2025-ci il tarixli, KY252307878 saylı çıxarışın surətindən görünür ki, Şəxs MMC-də yoxlama xx.xx.2025-ci il tarixdə başlanır, xx.xx.2025-ci il tarixdə bitir. - xx.xx.2025-ci il tarixli 12 saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi X3, böyük dövlət vergi müfəttişləri tərifindən tərtib edilmiş aktdan görünür ki, 12 saylı ƏVBİ-nin xx.xx.2025-ci il tarixli **********661 saylı qərarının icrası zamanı AZ2000, ünvan 2 ünvanında yerləşən və ’’X9" MMC-nin istifadəsində olan (VÖEN **********-23001) klinikasında xx.xx.2025-ci il tarixdə həyata keçirilmiş OVN zamanı əhali nağd ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, lisenziya tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olması, Azərbaycan Pespublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı və 3 nəfər fiziki şəxsin əmək müqaviləsinin olmadığı müəyyən olunmuşdur. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə məsuliyyət nəzərdə tutur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Gəncə şəhəri, Atatürk 264 ünvanında yerləşən Şəxs MMC xx.xx.2025-ci il tarixdə lisenziya olmadan özəl tibb fəaliyyət ilə məşğul olunmuşdur. Qeyd edilən faktlar iş materiallarına əlavə edilmiş fotoşəkillərdə və digər sənədlərdə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 49-51, 114-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20.000 (iyirmi min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1818/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1818/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver