Məhkəmə qərarları › İş №3(125)-1823/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1823/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1823/2024 05.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 09:30 radələrində (SUTKANİN İŞİQLİ VAXTİ) Gəncə şəhəri, Məhsəti Gəncəvi küçəsində (Asfalt zavod yolu) ona məxsus **-RE-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz E320 markalı avtomobillə hərəkətdə olarkən (xidməti zərurətlə əlaqədar olaraq Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə gənc əsgərləri müayinə etməyə gedərkən) **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul avtomobilində xidmət aparan Gəncə şəhər DYP əməkdaşı, polis kiçik serjantı X2 tərəfindən ona “Saxla” əmri verilmişdir. Polis əməkdaşı ona yaxınlaşaraq “stop” işıqlarından birinin nasaz olduğunu bildirmişdir (digər ikisi işlək olmuşdur). O isə öz növbəsində, hərəkətə başlamadan öncə hər hansı bir nasazlığın olmadığını və dərhal ustaya gedərək nasazlığı aradan qaldıracağını bildirmişdir. Lakin polis əməkdaşı ona İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib olunacağını, həmçinin avtomobilinin istismarının qadağan olunduğunu və müvəqqəti duracağa təmin olunacağını bildirdi. Bu zaman o, polis əməkdaşının qəbul etdiyi qərarın qanunsuz olduğunu bildirdiyi zaman ona qarşı kobud və polis əməkdaşına yaraşmayacaq tərzdə qeyri-etik danışıq və davranış sərgiləyərək ona İXM-nin 342.5-ci maddəsi ilə İXP ******* nömrəli protokolu tərtib edərək avtomobilini müvəqqəti duracağa təmin etmişdir. Məlumat üçün bildirmişdir ki, İXMnin 342.5-ci maddəsində “Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması MÜMKÜN OLMAYAN nəqliyyat vasitəsinin istismarı" şəklində qeyd olunmuşdur. Lakin onun avtomobilində stop işıqlarından yalnız biri nasaz olmuş, digər ikisi işlək olmuşdur və bu nasazlıq aradan qaldırılması mümkün olan nasazlıq olmuşdur. Belə ki, avtomobilini müvəqqəti duracaqdan götürəndən dərhal sonra nasazlığı aradan qaldırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, nə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində, nə də “X6” Azərbaycan Respublikasının Qanuna 1 saylı əlavəsində nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısında onun avtomobilindəki nasazlıqla bağlı hər hansı bir qeyd yoxdur. Bununla bağlı 102 qaynar xəttinə şikayət etmişdir. Şikayəti ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə Gəncə şəhər DYP idarəsinə dəvət olunub və yazılı şəkildə izahat vermişdir. Ona, işə baxılacağı və lazımi tədbir görüləcəyi bildirildi. Lakin elə həmin tarixdə o, Gəncə şəhər DYP idarəsinin inzibati binasını tərk etdikdən dərhal sonra barəsində tərtib olunmuş İXP6162999 nömrəli protokol TP ******* nömrəli qərarla qüvvəyə mindirilmişdir. Odur ki, yuxarıda sadaladıqlarını nəzərə alaraq, barəsində tərtib olunan qanunun tələblərini özündə əks etdirməyən İXP ******* nömrəli protokol haqqında verilmiş TP ******* nömrəli qərarın ləğv edilməsini, avtomobilimi qanunsuz olaraq müvəqqəti duracağa yerləşdirib onun hərbi xidmətinə əsassız maneə olduğuna görə, həmçinin “Polisin etik davranış kodeksi”nin tələblərini ciddi şəkildə pozaraq, vəzifə və səlahiyyətlərini bilməyən və ya bilirsə məqsədli şəkildə vəzifə səlahiyyətlərini aşan polis kiçik serjantı X1 qanuna müvafiq olaraq cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq Gəncə ŞBPİ-nin DYPŞ-i öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin mübahisələndirilən qərarı və onun əsasını təşkil edən protokolun qanuniliyinə və əsaslığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında şikayətçi X5 çıxışında onu saxlayan polis əməkdaşının ona İXM-nin 342.5-ci maddəsi ilə inzibati xəta törətdiyini və avtomobilini duracağa yerləşdirəcəyini bildirmişdir. Həmin vaxt polis əməkdaşı onun geyim formasını pozmağına irad tutaraq səlahiyyətinə aid olmayan sual vermişdir. Sonda o, MN-nin əməkdaşı olduğunu, rütbəsinin kapitan olmasına baxmayaraq polis kiçik serjantı X2 polis idarəsində ona hörmətsizlik edib və polis əməkdaşının etik davranışlarına uyğun olmayan formada ona qarşı tərbiyəsizlik etdiyini nəzərə çatdırmışdır. Heç bir inzibati xəta törətmədiyinə görə həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 09:34-də Mercedes Benz E320 CDİ MİNİK markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəticəsində X5 İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X3 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmamış, o cümlədən Gəncə ŞBPİ-nin DYPŞ-i tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər X8 Şöbəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar