Məhkəmə qərarları › İş №3(125)-1825/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1825/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1825/2025 23.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Dəmir oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri Elvin Həsənzadənin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, MN 124108 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər İcra Hakimiyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri Elvin Həsənzadə Azərbaycan Respublikasının İXMnin 395.1-ci maddəsinə əsaslanıb, yəni onun qanunsuz tikinti aparmaqda təqsirləndirib, 900 manat cərimə etmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. O, 27 il müddətində polisdə işləyib, baş serjant rütbəsində istefaya çıxmışdır. X5 iştirakçısıdır. Hazırda aldığı pensiya kiçik, ailəsi isə böyük (7 nəfər) olduğundan atasının düzəldib, yaşamaq üçün ona verdiyi evi hissələrlə tikmək məcburiyyətində qalmışdır. Tikinti 2022-ci ildə başlamış, əlinə artıq pul düşdükcə, tikintini ucaltmışdır. Tikili hələ də hazır deyil. O, Tikintini 2-ci mərtəbəyə başlamamış saxlayanda 2022-ci ilin payız ayı idi. O zaman İXM-nin 395.1-ci maddəsinin sanksiyası, yəni cəriməsi fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə idi. İndi 800 manatdan 1000 manatadəkdir, yəni tənbeh iki dəfəyə yaxın şiddətlənmişdir. Gəncə şəhər İcra Hakimiyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri Elvin Həsənzadə torpağının çox kiçik olması ilə əlaqədar 7 nəfərdən ibarət ailəsinin yaşaması üçün 2-ci mərtəbəyə ehtiyacı olmasını, həyatını polisə, yəni xalqının əmin-amanlığına sərf etməyini, nəhayətdə müharibə veteranı olmağını nəzərə almadan onu xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarla 900 manat cərimə etmişdir. Baş memar tikintini portala salıb, onu cərimə etməyə də bilərdi. Cərimə etmək və ya etməmək hüququ onundur. Tikintiyə razılıq və layihə alınıb, portala salınması böyük məbləğ tələb edir. Məndə isə maddi imkan yoxdur, qeyd etdiyim kimi, ailəm böyük, pensiyam isə kiçikdir. Odur ki, ki, o, bir neçə il bundan əvvəl tikintini başlayarakən Gəncə şəhər İcra Hakimiyətinin loyallığına ümid etmişdir. Belə də olmuşdu. Ona toxunulmurdu. Tikintini başlayandan 3 il sonra onun inzibati məsuliyyətə cəlb edilməyi düzgün sayıla bilməz. Odur ki, Gəncə şəhər İcra Hakimiyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri Elvin Həsənzadənin onun Azərbaycan Respublikasının İXM-nin 395.1-ci maddəsi ilə 900 manat cərimə edilməyinə dair qərarını ləğv edib müharibə veteranı olmağı və dövlətin qarşısında xidmətlərini nəzərə alıb, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 çıxışında şikayət ərizəsinin məzmununa uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, apardığı tikinti ilə bağlı İcra Hakimiyyətinə məlumat verməli olduğunu bilməmiş və evdə olmayan zaman İcra Hakimiyyətinin əməkdaşları evə gələrək onu cərimə etmişlər. Tikinti hələ də başa çatmamışdır. O, ifadəsinin sonunda barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və yaxud təyin edilmiş cərimənin məbləğinin azaldılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında qərar qəbul etmiş Gəncə şəhər İcra Hakimiyyətinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MN1256125 saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X2 şəhəri, Qızıl Hacılı küçəsində özbaşına tikinti işləri aparmışdır. - xx.xx.2025-ci il tarixli, MN1124108 saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X6 qanunsuz tikinti işləri apardığından İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 900 (doqquz) manat məbləğində cərimə edilmişdir. - Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti X1 ünvanlanmış 08 aprel 2025ci il tarixli 136 nömrəli məktubundan görünür ki, onun Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN1256125 protokolla bağlı xx.xx.2025-ci il tarixdə müvafiq qərar verilmiş və 900 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti, qərardan şikayət verən şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, inzibati xəta haqqında qərarda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi göstərilmişdir. Həmin Məcəllənin 395.1-ci maddəsinin tövfisedici əlaməti müvafiq icazə alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (bundan sonra ŞTM) müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsindən ibarətdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki məcəlləsinin 139-1.1.10.2-ci bəndinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İnzibati xəta haqqında protokol və ona əsasən qəbul qəbul edilmiş qərarda isə sadəcə qanunsuz tikinti işlərinin aparılması qeyd edilmişdir. Qanunsuz tikinti işlərinin nədən ibarət olması, həminin tikintinin nə vaxt aparılması və ya nə vaxt aşkarlanması qeyd edilməmişdir. Baxmayaraq ki, həmin maddə üzrə məsuliyyətin yaranması üçün tikintisinə icazə tələb olunan tikinti obyektinin icazə olmadan inşa edilməsindən bəhz edilir. Qeyd edilməlidir ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikinti obyektlərinin tikintisinə icazə tələb olunmayan obyektlər qanunvericlikdə konkret olaraq qeyd edilmiş və sadalanan obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil edildiyinindən İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan qaydada icazə tələb olunmadığından həmin maddəyə əsasən şikayətçinin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə qeyd edir ki, X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələbinə uyğun tərtib edilməmişdir. Tərtib olunmuş protokol və qərardan həmin tikilinin 3 mərtəbədən ibarət olması və tikilinin hündürlüyünün 12 metrdən yüksək olması və ya tikintisinə icza tələb olunan digər tikinti obyekti olması aydın olmur. X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, qərarın məzmununda sadəcə “X6 tərəfindən qanunsuz olaraq tikinti işləri aparılması” göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası İXM-nin 100.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Lakin, xx.xx.2025-ci il tarixli, MN1256125 saylı inzibati xəta haqqında protokolda inzibati xətanın harda və nə vaxt törədilməsi göstəilməmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə araşdırma X3 hüquqları pozulmaqla həyata keçirilmişdir. Belə ki, İXM-nin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Lakin, iş materiallarından aydın olur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X4 inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə məlumat verildiyi verilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar X3 Azərbaycan Respublikası İXM-nin 61ci maddəsində təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu isə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneədir. İşin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı zəruridir. Həmçinin Azərbaycan Respublikası İXM-nin 116.1-ci maddəsinə əsasən həmin məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Lakin, inzibati orqan həmin cəriməni şərti olaraq tətbiq etməyərək, İnzibati xətalar qanunvericiliyin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri Elvin Həsənzadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar