Məhkəmə qərarları › İş №3(125)-183/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-183/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-183/2025 03.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati inzibati tənbeh vermə haqqında protokolu tərtib etmiş şəxs X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 342.2.2-ci və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində X10 Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər DYPİ Yol Patrul Xidməti inspektoru polis serjantı X1 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə) təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. Lakin o, bu inzibati xətanın tərkibinə daxil olan qaydaları pozmamışdır. Onun idarə etdiyi Chevrolet Cruze markalı avtomobil xx.xx.2024-cü il tarixində qeyd etdiyi polis əməkdaşı tərəfindən qanunsuz olaraq saxlanılmışdır. Qeyd etdiyi tarixdə AMEA-nın Gəncə bölməsinin qarşısında təxminən saat 11:10 radələrində avtomobili ilə hərəktdə olduğu vaxt **-YP-*** nömrəli YPX avtomobili qanunsuz olaraq ona saxla əmri vermişdir. Qanunsuz olduğunu ona görə deyir ki, heç-bir reyd olmadığı halda, qayda pozmadığı halda və özünü şübhəli aparmadığı halda ona saxla əmri verilmişdir. O, mədəni və qanunlarla yaşayan vətəndaş kimi dərhal avtomobilini saxlamışdır. İnspektor yaxınlaşıb saxlama səbəbini bildirmədən, üzərində audiovideo yazan mikrafonun işləyib işləməməsini bildirmədən onun sənədlərini tələb etmişdir. Əməkdaşa saxla əmrinin qanunsuz olması ilə bağlı iradını bildirmiş, lakin əməkdaş bu qaydaya riayət etməmiş və sənədlərini heçbir səbəb olmadan yoxlamışdır. (YHQ haqqında qanunun 65-ci maddəsinin qeyd hissəsində əksini tapmışdır ki, sənədlər yoxlanması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər). Daha sonra avtomobilinə inspektor tərəfindən əsassız olaraq vizual olaraq baxış keçirdikdən sonra ona iradını bildirərək yoluna yenidən davam etmişdir. Daha sonra eyni gün yəni xx.xx.2024-cü il tarixində yaşadığı mənzilə doğru hərəkətdə olarkən saat 15:48 radələrində eyni YPX inspektoru X4 eyni YPX avtomobilində **-YP-*** növbəti dəfə onu qanunsuz saxlatmış və ona saxlama səbəbini izah etmədən avtomobilini duracağa aparmağı kobud formada tələb etmişdir. Əməkdaşa heçbir qayda pozuntusu etmədiyi halda səbəbsiz yerə 2-ci dəfə saxlaması ilə bağlı iradını bildirsədə, əməkdaş ona İnzibati Xətalar Məcəlləsinin 101.1 maddəsinin təlbini pozaraq ( İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edili) yerində protokol tərtib etməyərək eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 125.8 madəsinin tələbini pozaraq (İnzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasiləsinin saxlanılması barədə qərar qəbil edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz) qanunsuz olaraq avtomobilini duracağa aparmış, və daha sonra saat təxminən 20:00 qədər protokol tərtib edilməsi üçün Gəncə DYP-nin inzibati binasında gözlətmiş, 20:00-da verilən protokolun isə 15:59-da inzibati xəta aşkar olunduğu vaxt yerindəcə tərtib olunmuşdur, kimi qeydiyyatı aparılmışdır. Qeyd etmək istəyir ki, onun barəsində tərtib edilən inzibati protokol İXM 342.2.3-cü maddəsi ilə tərtib olunmuşdur, və bu maddədinin tərkib hissəsində isə yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması barədə qeyd olunmuşdur. Buradan o bir vətəndaş olaraq ona saxla əmri verən əməkdaşa və Gəncə DYPİ vəzifəli şəxslərinə verdiyi sualı bir daha yazılı formada hörmətli məhkəmə heyətindən soruşmaq istəyir. DYP əməkdaşı vizual olaraq xüsusi texniki vasitə olmadan, və yaxud heç bir ekspert rəyi olmadan texniki sahəylə bağlı mütəxəssisi icraata cəlb etmədən necə müəyyən etdilər ki, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzi onun avtomobilində pozulub? və onun barəsində də hansı formada inzibati protokolla bağlı bu sübutlar olmadan qərar çıxardıblar? Hansı ki heç bir ekspert və ya mütəxəssis rəyi və xüsusi texniki vasitənin göstəricisi yoxdur. Hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* sayli inzibati xəta haqqında qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X5 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, ekspertin verdiyi rəydə müdaxilələr olmuşdur. O, ekspertin rəy verdiyi tarixdə yəni 10 dekabr 2024-cü il tarixdə axşam saat 22:00-a dək X11 Şöbəsində saxlanılmış, yəni ekspert rəyi onun iştirakı ilə verilə bildiyi halda o, iştirak etmədən ekspert rəy tərtib etmişdir. Eyni zamanda onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddədə nəzərdə tutulan pozuntunu törətməsi ilə bağlı heç bir videogörünütü yoxdur. Belə ki, ona məlum olmayan səbəbdən hadisə üzrə düzgün araşdırma aparılmadan, onu inzibati xəta haqqında iş üzrə təqsirli şəxs kimi tanımaqla qeyri-qanuni qərar qəbul edilmişdir. Barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 bildirmişdir ki, X5 xx.xx.2025-ci il tarixdə Gəncə şəhər X11 Şöbəsinin ərazisində ona məxsus “Chevrolet Cruze” minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən normativ tələbləri pozmaqla avadanlığın qurlaşdırılması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, nəqliyyat vasitəsinin ağırlıq mərkəzinin, təkər bazasının pozulması nəticəsində inzibati xəta törətmişdir. X3 birinci olaraq bu pozuntunu aradan qaldırması ilə bağlı xəbərdarlıq olunmuş, lakin şəxs həmin günü axşam təkrar saxlanılmış və pozuntunu aradan qaldırmadığı müəyyən olunmuşdur. Bu səbəbdən şəxsin avtomobili dayanacağa aparılmışdır. Onlar onun maşınının işıqları led işıqlar olduğunu üçün ona cərimə cəzası tətbiq etmişlər. Onlar avtomobili yoxlamaq üçün mütəxəsis dəvət etmişlər. Mütəxəsis bununla bağlı rəy vermişdir. Sonda o, şikayətin rədd edilərək inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasına şahid kimi dəvət edilmiş X6 izahatında bildirmişdir ki, Gəncə Şəhər Baş Polis İdarəsi X11 Şöbəsi tərəfindən 10 dekabr 2024-cü il tarixdə mütəxəsis kimi dəvət edilmişdir. O,10 dekabr 2024-cü il tarixdə rəy tərtib etmişdir. “Chevrolet Cruze” minik markalı avtomobilə baxış keçirərkən avtomobilin arxa yaylarıda uzun müddətli istifadədən və ya müdxailədən yeyinmə xaakterli əyilmələr olduğunu müəyyən etmişdir.. O, həmin avtomobili başqa avtomobil ilə müqayisə etdiyi zaman avtomobilin arxa hissəsinin aşağı yatdığını müəyyən etmişdir. O, bu pozuntunu avtomobilə vizual baxış və müqayisəli təhlil nəticəsində aşkar etmişdir. O, avtomobilə əyanı şəkildə baxış keçirməmişdir. O, pozuntunun səbəbinin yayların isidilməsi və avadanlığın istifadə müddətinin bitməsinin olmasını düşünmüşdür. Lakin maşını qaldıraraq baxış keçirsəydi yayların qəsdən isidildiyini və yay istifadə nəticəsində yeyilməsini müəyyən edə bilərdi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X5 xx.xx.2025-cii il tarixdə Gəncə şəhər X11 Şöbəsinin ərazisində saat 15:59 radələrində ona məxsus “Chevrolet Cruze” minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə normativ tələbləri pazmaqla avadanlığın qurlaşdırılması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmənəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişiklik edilməsi nəticəsində inzibati xəta törətmişdir, yəni Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci, 342.2.3-cü və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 İXM-nin 342.2.2-ci, 342.2.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, onun barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. -10 dekabr 2024-cü il tarixi ekspert rəyindən görünür ki, Chevrolet Curze markalı **- KZ-*** nömrəli avtomobilə baxış keçirilmiş və atvomobildə standart və normativlərə uyğun olmayan yaylar olduğu aşkar edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə əlavə araşdırma aparılaraq zəruri hesab edildiyi təqdirdə təkrar yol-nəqliyyat hadisəsi ekspertizası keçirilməli və əlavə araşdırma aparıldıqdan sonra tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin həmin inzibati xətanı törədib-törətməməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 327.1-ci maddəsində qeyd olunur ki, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. 342.2.2-ci maddəsində qeyd olunur ki, Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görəyüz əlli manat məbləğində cərimə edilir. 342.2.3-cü maddəsində qeyd olunur ki, Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X5 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirmişdir. Eyni zamanda iş materiallarına hadisənin video görüntüsüdə əlavə edilməmişdir. İş materiallarına əlavə olunmuş şəkildən bu halı müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə İXM-nin 342.2.2-ci və 342.2.3-cü maddələrinə münasibətdə qeyd edir ki, “Chevrolet Cruze” minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə normativ tələbləri pazmaqla quraşdırılması iddia edilən avadanlığın həqiqətən də normativ tələblərin tələblərinə uyğun olub –olmamsı ilə bağlı rəy verən eksperti məhkəməyə dəvət etmişdir. Ekspert bildirmişdir ki, o, pozuntunun olasını əyani şəkildə yoxlamamış, sadəcə başqa avtomobil ilə müqayisəli şəkildə yoxlama həyata keçirmişdir. Bu səbəbdən ekspertin verdiyi rəy mötəbər hesab edilmir. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilərkən bütün faktiki hallar araşdırılmadığından xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X5 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Gəncə şəhər X11 Şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar