Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1837/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Protokolu tərtib etmiş X2, Qərardan şikayət vermiş X1 iştirakları ilə, X1 Gəncə şəhər BPİ-nin X11 Şöbəsinin polis baş leytenantı X5 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər X11 Şöbəsinin polis baş leytenantı X5 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər DYPŞ Polis Baş Leytenantı Həsənov Vüsal tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyinə görə barəsində xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanuna uyğun deyil və tamamilə əsassızdır. Buna görədə ləğv olunmalı, beləki o, törətməkdə təqsirli bilindiyi inzibati xətanı törətməmişdir. Qərarda qeyd olunan Xətai prospektində xx.xx.2025-ci il tarixdə, saat 20:57-də hərəkətdə olarkən həmin ərazidə işıqforun qadağanedici işarəsində deyil, icazə verici yəni, yaşıl işıqda daxil olmuş, yol kəsişməsinə yaşıl işıqda daxil olub bir neçə metr getdikdən sonra ondan öndəki avtomobillər sürətlərini cox azaltmışdılar. Çünki, yolun kəsişmə hissəsində yol təmiri ilə bağlı dərin çuxur var. Öndəki avtomobillərin surətlərini azaltması səbəbindən onlarla toqquşmamaq üçün az olan surətini demək olar ki, minimuma endirmişdi. Bu səbəbdən də yol kəsişməsindən çıxmaqa imkan yarananadək yol ayrıcının çıxışında quraşdırılmış işıqforda qadağan edici qırmızı işıq yanmışdır. Qeyd edir ki, həmin zaman yolu keçməyi və sfetoforlarda yanan işıqlar avtomaşınında quraşdırılmış video qeydedici vastəsilə tam qeyd olunubdur. Bu barədə Gəncə şəhər DYPŞ yol patrul xidməti inspektoru polis serjantı Aydın Tağıyevə və Gəncə şəhər DYPŞ polis baş leytenantı Vüsal Həsənova nə qədər izahat verməyinə və görüntünü göstərməyinə baxmayaraq onlar tərəfindən, barəsində ******* saylı protokol daha sonra isə ******* saylı qərar qəbul olunmuşdur. Onun heç bir yol hərəkət qaydalarını pozmadığı və inzibati xəta törətmədiyi halda barəsində heç bir reallığa və həqiqətə uyğun olmayan inzibati tənbeh etmə haqqında qərar qəbul olunmuşdur. Odur ki, sözü gedən qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X3 çıxışında bildirdi ki, N.Nərimanov prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində quraşdırılmış işıqforun yaşıl işığında təxminən 15-cı, 16-cı saniyədə yol ayırıcına daxil olmuş, qarşısındakı avtomobillər asta-asta getdiyindən və məsafə uzun olduğundan yol ayırıcını çıxanda işıqforun qırmızı işığı yanmışdır. O, Yol hərəkət haqqında qanunun 76-cı maddənin 4-cü bəndini əsas gətirərək əlavə olaraq bildirdi ki, yolayrıcındakı svetoforun qabağında stop-xətti quraşdırılmalı idi, həmin günü inspektora bunu izah etmiş, lakin inspektor ona təmir işləri getdiyinə görə stop-xəttinin olmadığını bildirmişdir. O, daha sonra qeyd etmişdir ki, svetoforun qabağında stop-xəttinin olmaması ona həmin yolu keçməyə əsas verir. İfadəsinin sonunda avtomobilində quraşdırılmış kamerada əks olunmuş video görüntünü məhkəməyə təqdim etmiş və barəsində tərtib olunmuş protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 çıxışında tərtib etdiyi protokolda heç bir qayda pozuntusunun olmadığını bildirərək məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. O, xüsusi texniki vasitə ilə çəkilən video görüntüləri məhkəməyə təqdim etsə də, hadisə barədə ətraflı məlumat verə bilməmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb təqdim olunmuş video görüntülərə baxış keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 23 may 2025-ci il tarixdə saat 20:57-də “Kia Forte” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə yol verdiyinə görə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 76.4-cü maddəsinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Gəncə şəhər BPİ-nin X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarla X1 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər BPİ-nin X4ytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Gəncə şəhər BPİ-nin X11 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1837/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1837/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver