Məhkəmə qərarları › İş №3(125)-184/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-184/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-184/2023 25.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs icra məmuru X3, zərərçəkmiş Əsgərova (İmamquluyeva) Aytac Rövşən qızının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 197, ev 1, mənzil 86 da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)-1016/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 24 sentyabr 2018-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq xəbərdarlıq verilməsinə baxmayaraq, borclu icra sənədində göstərilən borcunu ödəməkdn üzürsüz səbəbdən yayınır. Şəxs bugünədək cəmi 1600(bir min altı yüz) manat aliment borcunu ödəyib və hal-hazırda borclu Şəxs ödənilməmiş 9840 manat aliment borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununlada borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şəxs izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu 2018-ci ildən 2022-ci ilə kimi 500 manat son bir həftədə isə 1100 manat, dünən isə 500 manat ödəniş etmişdir, lakin borclu icra sənədini tam icra etməmişdir. Belə ki, onun bugünə olan ödənilməmiş 9340 manat aliment borcu mövcuddur. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolun təmin edilməsini və şəxsin barəsində qanuni tədbir görülməsini xahiş edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Borcunu ödəmək niyyətindədir. Son 10 gündə 1600 manat ödəniş etmişdir. Bundan sonra da hər ay borcundan müəyyən hissə ödəmək istəyir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əsgərova (İmamquluyeva) Aytac Rövşən qızı izahatında bildirdi ki, borclu borcunu ödəməkdən qəsdən yayınır. Son 10 gündə 1600 manat ödəniş etmişdir. Onun tutulmasını istəmir. Ona olan borcunu hər ay ödəməsini istəyir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini, lakin barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1016/2018 nömrəli icra sənədindən görünür ki, borclu Şəxs 24 sentyabr 2018-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs təqdim edilməklə, ona Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1016/2018 nömrəli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə 500 manat zərəçəkmiş şəxs icra sənədinə əsasən Əsgərova hal-hazırda X1 ödənilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs soyadı dəyişdirilmiş və X2 olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, bugünədək icra sənədi üzrə borcdan cəmi 2100 manat ödəniş etmişdir. Son 10 gündə borclu Şəxs 1600 manat ödəniş etməsi onu göstərir ki, onun hər ay 220 manat ödəniş etməyə imkan olmuş, lakin üzürsüz səbəbdən məhkəmə qətnaməsini icra etməmişdir.Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onu müəyyən edilmiş aliment borcundan qismən 2100 (iki min yüz) manat ödəniş etməsini, zərərçəkmiş şəxsin xahişini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar