Məhkəmə qərarları › İş №3(125)-1845/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1845/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1845/2025 28.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Umud oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, agent, ekspeditor işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 04 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1849/2019 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 280 manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirdi ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1849/2019 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmiş icra hərəkətləri nəticəsində aliment borcunu tam ödəmədiyi üçün onun barəsində 04 iyun 2025-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən ona təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində həmin karta ümumilikdə 24.513 manat mədaxil olmuşdur. Lakin həmin karta mədaxil olunan pulun borclu tərəfindən köçürülməsi və təyinatını müəyyən etmək mümkün olmamışdır. Borclu isə 24513 manat pulun hamısının onun tərəfindən göndərilmədiyini və hazırda onun aliment borcunun 350 manat olduğunu bildirir. Hesab edir ki, borclunun əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1849/2019 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən zərərçəkmiş şəxsin dediyinə görə onun 1350 manat aliment borcu var. Lakin o, hesab edir ki, onun aliment borcu 350 manat təşkil edir və o, həmin borcu 2025-ci ilin oktyabr ayının sonuna qədər ödəyəcəkdir. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək bildirdi ki, hazırda Şəxs ona 1350 (min üç yüz əlli) manat aliment borcu vardır. O, borclunun aliment borcunu tam şəkildə ödəməsini, əks təqdirdə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1849/2019 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1849/2019 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-404/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, apelyasiya şikayətinin qismən təmin edilməsi və Gəncə Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 3(125)-1845/2025 nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında materialın yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcunu vaxtında ödəmədiyi üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırkı halda isə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs zərərçəkmiş şəxsə 1350 manat məbləğində ödənilməmiş aliment borcunun olması heç bir mötəbər sübutla öz əksini tapmamış, hətta protokolun tərtib olunmasına əsas kimi zərərçəkmiş şəxsin ərizəsi əsas götürülsə də, məhkəmə iclasında protokolu tərtib etmiş icra məmuruna aliment borcunun hesablaması üçün məhkəmə tərəfindən vaxt verilmiş, icra məmuru tələbkarın təqdim etdiyi bank çıxarışları əsasında aliment borcunu yenidən hesablamış və borcun 350 manat olduğunu bildirərək borclunun əməlində inzibati xəta tərkibinin olmamasını bildirmişdir (daha ətrafli icra məmurunun izahatında). Göstərilənlərin yekunu olaraq məhkəmə hesab edir ki, icra məmuru ilkin olaraq protokolu tərtib etmişdir ondan ötəri ki, borclu Şəxs onun qanuni tələblərini yerinə yetirməyərək aliment borcunu ödəmir. Lakin video görüntü vasitəsilə aparılmış məhkəmə iclasında icra məmuru özü bildirmişdir ki, borclunun əməlində inzbati xəta tərkibi yoxdur və apardığı hesablama ilə onun cəmi 350 manat borcu vardır (aliment borcunu müəyyən etmək bir başa icra məmurunun vəzifəsidir). Belə olan halda iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar