Məhkəmə qərarları › İş №3(125)-1848/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1848/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1848/2023 21.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis baş leytenantı X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 11-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Gəncə şəhəri Dubay Bazarı yaxınlığında X5 yumruq vuraraq onu döymüşdür. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis baş leytenantı X1 Elçin Ceyhun oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, fərdi olaraq Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən Dubay bazarında kənd məhsullarının satışı ilə məşğul olur. X6 tanıyır. Səbuhi bazarda kənd məhsullarının satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o, bazarda olan zaman bazarda paltar satan iki qardaş Fazil ilə Faiq bir-biriləri ilə aralarında sözlə mübahisə edən zaman o, onlara yaxınlaşıb ki, mübahisə etməsinlər. Bu zaman Səbuhi də onlara yaxınlaşmış və onların söhbətlərinə müdaxilə etmişdir. Bu zaman o, Səbuhiyə nə üçün söhbətə müdaxilə etdiyini demişdir. Bu zaman Səbuhi onu nalayiq sözlə təhqir etmişdir. O, da Səbuhinin bu sözünə görə əsəbləşmiş və yumruq ilə Səbuhinin baş nahiyəsinə vurmuşdur. Bu zaman Səbuhinin baş nahiyəsindən qan axmışdır. O, da tez Səbuhiyə köməklik etmiş və ona bildirmişdir ki, onu xəstəxanaya aparsın. Səbuhi yaxşı olduğunu və xəstəxanaya getmək istəmədiyini demişdir. Bundan sonra Səbuhi oradan uzaqlaşaraq getmişdir. Sonradan ona məlum olmuşdur ki, Səbuhi onu döyməyi barədə polisə ərizə ilə müraciət etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, o, fərdi olaraq Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən Dubay bazarında kənd məhsullarının satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o, bazarda olan zaman onun alver etdiyi vitrinin qarşı tərəfindən iki qardaşın bir-biri ilə aralarında nisyə mal vermələri üstündə söhbət etdiklərini görmüşdür. Bu zaman o, onların mübahisə etməmələri üçün onlara bildirmişdir ki, “nisyə girmir kisiyə’'. O. həmin sözü onlara şirinlik olsun və gülmək məqsədi ilə demişdir. Bu zaman onun yaxınlığında kənd məhsullarının satışı ilə məşğul olan Elçin adlı şəxs ona yaxınlaşaraq nəyə görə elə bir söz işlətdiyini ona demişdir. O, da ona zarafat etmək üçün dediyini bildirən zaman Elçin adlı şəxs qəfildən yumruq ilə onun başının alın nahiyəsinə zərbə endirmişdir. Bu zaman o, özünü saxlaya bilməyib yerə yıxılmışdır. Bu zaman Fazil və Faiq adlı şəxslər onları aralamışlar. Bundan sonra orada ona ilkin yardım göstərilmişdir. Bir qədər sonra o, özünü pis hiss etdiyindən və başının alın nahiyəsindən qan axdığı üçün Gəncə şəhəri 3 saylı xəstəxanaya getmişdir. Orada ona ilkin tibbi yardım göstərilmişdir. xx.xx.2023-cü il tarixdə o, tam olaraq özünə gəldikdən sonra bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Onların aralarında olan dava-dalaş təxminən 5 dəqiqə davam etmişdir. Hazırda Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2023-cü il tarixli 836 saylı rəyindən məlum olur ki, vət. X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər–alın nahiyəsinin əzilmiş yarası - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, özünün etirafedici izahatı və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Şəxs zərərçəkmiş şəxslə mübahisə edib onu yumruq zərbəsi ilə vurduğunu etiraf etmişdir. Buna görə də Şəxs zərərçəkmiş şəxsi döyərək ona xəsarət yetirməsi, beləliklə də İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və törədilmə şəraitini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, ağırlaşdıran halların olmamasını, onun təqsirinin dərəcəsini və inzibati xəta haqqında iş üzrə digər xüsusatları nəzərə alıb, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar