Məhkəmə qərarları › İş №3(125)-1849/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1849/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1849/2023 21.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs icra məmuru X4, zərərçəkmiş Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhər Nizami rayon məhkəməsinin 2(044)-448/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 08 avqust 2011-ci il təvəllüdlü X1, 03 iyun 2013-cü il təvəllüdlü X2 və 02 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanmaları üçün, 04 dekabr 2018-ci il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq xəbərdarlıq verilməsinə baxmayaraq, borclu icra sənədində göstərilən borcunu ödəməkdn üzürsüz səbəbdən yayınır. Şəxs ödənilməmiş 6540 manat aliment borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununlada borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, lakin borclunun bugünki günə ödənilməmiş 6540 manat aliment borcu qalmış, icra sənədini tam icra etməmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolun təmin edilməsini və şəxsin barəsində qanuni tədbir görülməsini xahiş edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu inkar etmir. Onun ailəsinə məxsus evdə hal-hazırda Zərərçəkmiş şəxs yaşayır və hər ay 200 manat kirayə pulu alır. Oda hər ay 200 manat ödəniş edir. Pulun bu qədər yığılmasının səbəbi onun həmin müddət ərzində cəzaçəkmə müəssiəsində olması olmuşdur. Zərərçəkmiş şəxs halhazırda o evdən çıxsa o evi satıb bütün pulu ödəyə bilər. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu borcunu ödəməkdən qəsdən yayınır. Ona ödənilən ödənişlərlə razı deyil. Ona olan borcunu tam ödəməsini istəyir. Ev birgə nikah dövründə onun atası tərəfindən alınmış evdir. O evi 200 manata kirayə verməsinə səbəb onun içərisində gətidiyi cehiz əşyaların olmasıdır. Bu il ərzində cəmi 1.000 manat pul ödəmişdir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon məhkəməsinin 2(044)- 448/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, 08 avqust 2011-ci il təvəllüdlü X1, 03 iyun 2013-cü il təvəllüdlü X2 və 02 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanmaları üçün, 04 dekabr 2018-ci il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin Şəxs tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Gəncə şəhər Nizami rayon məhkəməsinin 2(044)- 448/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs xx.xx.2020-ci ildə tələbin könüllü icrası barədə bildirişə imza atmaqla götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs aliment borcunun 10 gün müddətinə ödənilməsi bağlı xəbərdarlıq olunmuş, ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək 500 manatdan -1000 manatadək cərimə və 30 gün müddətinədək inzibati həbs tətbiq oluna biləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxs Şəxs ona 4460 manat borcu olması barədə qəbz təqdim etmişdir. İş materiallarına əlavə edilmiş kart hesabından çıxarışdan görünür ki, 2023-cü ili üçün 09 yanvar 2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, 19 iyun 2023-cü il tarixdə, 17 iyul 2023-cü il tarixdə və 21 avqust 2023-cü il tarixdə Bahadur Məmmədov tərəfindən zərərçəkmiş şəxsə 1.000 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin 8(125)-642/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu Şəxs Gəncə şəhər İcra İdarəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edimişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-1263/2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, bugünədək icra sənədi üzrə borcu ödəməmişdir. Son dövrlər borclu Şəxs qismən 1.000 manat ödəniş etməsi onu göstərir ki, onun hər ay ödəniş etməyə imkan olmuş, lakin üzürsüz səbəbdən məhkəmə qətnaməsini icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onu müəyyən edilmiş aliment borcundan qismən ödəniş etməsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar