Məhkəmə qərarları › İş №3(125)-1852/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1852/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1852/2023 21.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, protokolu tərtib etmiş Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Daşkəsən rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, İ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və Göygöl rayonu, Üçtəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 3-cü Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Gəncə şəhəri BPİ-nin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs inzibati xəta haqqında protokolda göstərilən əməli törətmişdir. Onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, dostları ilə ot almaq üçün Gəncə şəhərinə gələn zaman reyd olduğunu görmüş, polis əməkdaşları ona saxla işarəsi vermiş və o da saxlamışdır. Sonra ondan spirtli içki qəbul edib-etmədiyini soruşduqda o, günorta vaxtı bir az spirtli içki içmişdir. Bundan sonra alkotester vasitəsi ilə bir neçə dəfə yoxlanılmış və sonda ona içkili olduğu bildirilmişdir. Sonra ona avtomobilinin duracağa yerləşdiriləcəyini bildirdikdə o, etiraz edərək protokol tərtib olunmasını tələb etmişdir. O, avtomobilin duracağa aparılmasını istəmədiyindən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır, ona yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPXB-nün yol patrul xidməti inspektoru, polis baş serjantı X3 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Bağmanlar küçəsində xidmət aparan zaman adı ona sonradan məlum olan Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərkən saxlanılmışdır. Sürücünün içkili olub-olmaması yoxlanılmış, onun sərxoş olduğu müəyyən edilmiş və nəqliyyat vasitəsinin aktla birgə təhvil verilməsi istənilmişdir. Lakin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq nəqliyyat vasitəsini təhvil verməkdən imtina etmişdir. Bundan sonra onlar şəxsi aidiyyəti üzrə 3-cü Polis Bölməsinə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:06-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xüsusi texniki vasitənin nəticəsinə dair xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs 0,418‰ sərxoşluq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 28 mart 2019-cu il tarixli, 018933 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs müddətsiz olaraq İ qrup əlillik verilmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşman olmasını İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini İXM-in 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd olunur ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləlikə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, 1-ci qrup əlil olmasını, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını və inzibati xəta haqqında iş üzrə digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar