Məhkəmə qərarları › İş №3(125)-1857/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1857/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1857/2025 19.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli qərar tam əsassız və qanunsuzdur. Belə ki, İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Aşağıda qeyd etdiyi hallara görə də hesab edir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli qərar ləğv edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 09:56 radələrində idarə etdiyi **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, X6 prospekti ilə Dəyirman dairəsindən üzü Abbas Səhhət istiqamətinə hərəkət edən zaman güya işiqforun qırmızı işığında keçmişdir. Halbuki, hərəkət zolağında işıqforun önündə maneə olduğundan işıqfor görsənmir. Bundan başqa, işıqforun qarşısında yolun hərəkət istiqamətində üfüqi nişanlanma xəttləri də yoxdur. Qeyd olunanların nəzərə alınaraq xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək bidirmişdir ki, Gəncə şəhəri X6 prospekti ilə Dəyirman dairəsindən üzü Abbas Səhhət istiqamətinə hərəkət edən zaman qarşıdakı işıqfor ağacın arxasında olduğu üçün onu görməmişdir. O, işıqfor xəttinə gəlib çatdığı zaman artıq gec olduğu üçün avtomobilini saxlaya bilməmişdir. Onun hərəkəti istiqamətində işıqfor görsənməmişdir. Eyni zamanda onun hərəkət istiqamətində piyada zolağı və nişanlama xətti olmamışdır. O, ona cərimə yazılan yolun istiqamətlərini əks etdirən videogörüntünü məhkəməyə təqdim etmişdir. Eyni zamanda o, bildirmişdir ki, onun inzibati xəta törətməsini əks etdirən heç bir videogörüntü olmamışdır. Bu səbəbdən şikayətin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X5 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, X1 hərəkəti istiqamətində piyada zolağı olmuşdur. Hadisənin videogörüntüləri silindiyi üçün təqdim edə bilmir. İşıqforu görmək sürücünün borcudur. Sonda şikayətin təmin edilməməsini xahiş etmişdir. X3 şikayətindəki iddia ərizəsi sözünü şikayyət sözü ilə əvəz edərək tələbini dəyişdirmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, X6 prospektində saat 12:16 radələrində “Toyota Prius” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, X1 xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan vermiş olduğu şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmışdır. - 14 may 2025-ci il və 17 may 2025-ci il tarixli videogörüntülərdən və şəkillərdən görünür ki, X2 cərimə yazılan həmin Gəncə şəhəri, X6 prospekti ilə Dəyirman dairəsindən üzü Abbas Səhhət istiqamətində olan işıqforun qabağını ağaclar kəsmiş və işıqfor görsənməmişdir. Həmin istiqamətdə işıqfor və piyada keçidi olmamışdır. Növbəti videogörüntüdə isə hadisənin baş verdiyi tarixdən sonra ağaclar artıq kəsilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 hərəkət etdiyi istiqamətdə işıqfor xətti və piyada zolağı olmamışdır. Eyni zamanda işıqforun qabağında ağaclar olduğu üçün işıqforu görmək mümkün olmamışdır. İş materiallarında olan videogörüntüdən də aydın olur ki, həmin istiqamətdə işıqforun olması və piyda keçidinin olması ilə bağlı heç bir işarə olmamışdır. Bundan başqa Dövlət X5 nümayəndəsi Nümayəndə ifadəsində hadisəni əks etdirən videogörüntünün silindiyini bildirərək öz sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə şikayətçinin şikayətində göstərdiklərinə münasibətdə qeyd edir kİ, İXM-nin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəmə sorğu göndərməyinə baxmayaraq məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli qərarda yalnız fotoşəkilə istinad edildiyindən həmin şəkillə də şikayətçinin şikayətində göstərdiyi halları müəyyən etmək mümkün olmadığından şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli nömrəli qərar yalnız fotoşəkilə istinad edilməklə qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilməmişdir. Həmçininxx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə bağlı video görüntü təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər əsaslı olduğundan şikayət təmin edilməli və xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati işin icraatına xitam verlməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27890165 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar