Məhkəmə qərarları › İş №3(125)-1861/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1861/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1861/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X6, tələbkar şəxslər X12, X1 və X7, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin sahə rəisi polis leytenantı X13 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, 32 saylı məktəbin yaxınlığında X10 məxsus 280 manat pulunu, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, R.Qasımov küçəsində yaşayan X16 məxsus 300 manat, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Natəvan qəsəbəsində yaşayan X8 məxsus 130 manat, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, M.Hacıyev küçəsi, 2-ci döngə, ev 13A-da yaşayan X2 məxsus 180 manat pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-in 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X13 inzibati xəta haqqında protokolları müdafiə edərək və protokolların təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs çıxışında bildirmişdir ki, himayəsində xəstə anası var, özü isə astma xəstəsidir. O, törətdiyi əməlləri etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Lakin barəsində tərtib edilmiş protokolların yalnız biri ilə razı olmadığını bildirərək X5 tanışı X3 görüşüb telefonu aldığını bildirmişdir. İ.İsgəndərov şəxsi telefonu ona vermişdir ki, O.Qurbanova saxta qəbzi göstərsin. O, hakimin sualına cavab olaraq həmin qəbzin saxta olduğunu bilə-bilə O.Qurbanova göstərdiyini etiraf etmişdir. Sonda əməlindən peşman olduğunu, dəymiş zərəri ödəmək üçün imkanı olmadığını bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar şəxs X4 çıxışında Şəxs tərəfindən aldadıldığını “Lalafo” saytında sonuncuya 180 satdığını bildirmişdir. Lakin Şəxs ona saxta 180 manatlıq çek göstərmişdir. Pul onun kartına daxil olmamışdır. O, qolbağın geri qaytarılmasını tələb etmiş, əks halda şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar şəxs X14 çıxışında Şəxs tərəfindən aldadıldığını və onun məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Belə ki, Şəxs ondan “Redmi 14c” markalı mobil telefonu 130 manata almaq istəmiş və onlar arasında razılıq olmuşdur. Daha sonra o, Şəxs ona saxta çek təqdim edərək pulu ona məxsus karta yüklədiyini demişdir. Lakin pul onun kartına gəlməmişdir. İfadəsinin sonunda o, ona dəymiş ziyanın ödənilmədiyini bildirərək şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar şəxs X17 çıxışında bildirmişdir ki, özünə məxsus “Samsung A25” markalı telefonu “Lalafo” saytında 300 manata satmasına dair reklam yerləşdirmiş və sonradan adını bildiyi Şəxs həmin telefonu almaq üçün ona müraciət etmişdir. Onlar görüşmüş və Orxan ona pulu onun kartına köçürəcəyini bildirmişdir. Daha sonra 300 manat pul onun kartına köçürülməmiş, lakin Orxan ona çek ataraq pulu karta yüklədiyini bildirmişdir. O, telefonun geri qaytarılmasını tələb etmiş, əks təqdirdə şəxsin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 28 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X10 məxsus 280 manat dəyərində mobil telefonunu ələ keçirmiş Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 2-ci PŞ-nin İTB-nə göndərilmişdir. - 11 aprel 2025-ci tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş X16 məxsus “Samsung Galaxy A25” markalı mobil telefonunu sataraq ona 300 manat pul verəcəyini vəd edərk ona maddi ziyan vuran Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 2-ci PŞ-nin İTB-nə göndərilmişdir. - 11 iyun 2025-ci tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş X7 130 manat dəyərində olan “Redmi 14C” markalı mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmiş Şəxs əməlində Azərbaycan Respublikası İXMin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 2-ci PŞ-nin İTB-nə göndərilmişdir. - 13 aprel 2025-ci tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş X2 məxsus 80 qram çəkisi olan gümüş qolbağı alaraq ona 180 manat pulu karta atacağını vəd edərək vədinə əməl etməyən Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 2-ci PŞ-nin İTB-nə göndərilmişdir. - 11 iyun 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama, yəni oğurlama yolu ilə özgəsinin əmlakının talamasının Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-in 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 22 (iyirmi iki) gün müddətinə, xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 22 (iyirmi iki) gün müddətinə, xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 22 (iyirmi iki) gün müddətinə, xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 22 (iyirmi iki) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:00 dəqiqədən hesablansın Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar