Məhkəmə qərarları › İş №3(125)-1863/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1863/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1863/2025 13.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, X2 inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhər 2-ci Polis Şöbəsinin 14 may 2025-ci il tarixli, İXP ******* nömrəli protokolun və qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.-1.1-ci maddəsinə əsasən, yəni nəqliyyat vasitəsinin idarə etmə hüquqi olan şəxs tərəfindən nəqliyyat vasitəsi, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir edən digər maddələrdən istifadə, olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunmasına görə protokol tərtib edilmiş və həmin protokol və qərar əsasında ona 600 manat cərimə cəzası təyin edilmişdir. O, narkotik vasitənin təsiri altında avtomobil idarə etməmiş və dövlət yol polisi tərəfindən saxlanılmamış və bu barədə dövlət yol polisinin hər hansı qərarı və protokolu yoxdur. Onu köhnə avtovağzal ərazisində Gəncə Şəhər 2-ci Polis Şöbəsinin əməliyyatçıları üzərində heç bir narkotik vasitə olmadığı halda küçədə durduğu yerdə saxlayaraq, polis şöbəsinə aparmış və üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar olunmadığını gördükdən sonra, onu idrar etdirərək idrarının yoxlanılması üçün narkoloji dispanserə aparmışlar və guya onun tərəfindən metamfetamın istifadə edilməsi müəyyən etdirilmişdir. Bundan sonra sahə müvəkkili tərəfindən protokol tərtib etdirərək, Gəncə Şəhər Məhkəməsinə göndərilmiş və Gəncə Şəhər Məhkəməsi onun barəsində 3(125)1582/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı guya törətdiyinə görə 12 may 2025-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə inzibati həbs edilmişdir. O, inzibati həbs cəzasını çəkdikdə sonra telefonuna yenidən bildiriş gələrək guya onun narkotik vasitənin təsiri altında, yəni İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tələblərini pozaraq, avtomobil idarə etdiyinə görə yenidən 600 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Narkotik vasitəni 1 həftə öncə guya istifadə etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirili bilinib, artıq ona görə cəzasını çəkmiş və həm Azərbaycan Respublikası Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində 1 dəfə törədilən hüquq formaya görə yalnız vətəndaş 1 dəfə məsuliyyətə cəlb oluna bilər və bir dəfə cəzalandırıla bilər. Eyni gündə İnzibati Xətalar Məcəlləsinin 2 maddəsi üzrə cəzalandırılmağı və bu barədə protokol tərtib edilməsi həm inzibati həbs cəzası və həm də 600 manat cərimə olunmağı qanunsuzdur və inzibati xəta haqqında qanunvericiliyin tələblərinə ziddir, digər tərəfdən isə onun konistutision hüquqlarının tam şəkildə pozulması deməkdir. O, heç bir hüquq mühafizə orqanlarının işçisinə və əməkdaşına müqavimət göstərməmiş və eyni zamanda narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə etməmiş və sərxoş halda avtomobil idarə edərkən həbs edilməmiş, saxlanılmamış və sərxoşluq dərəcəsi altında hər hansı qeyri- etik və qeyri qanuni hərəkətlərə yol verməmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur və onun əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığına görə həmin maddə üzrə verilmiş protokol ləğv olunmalı və inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xəta haqqında protokoldan verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, X3 şikayət ərizəsində İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etsə də, inzibati xətalar haqqında qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunveriliyə əsasən inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilə bilməz. Digər tərəfdən şikayətə əlavə edilmiş İXP ******* nömrəli, 14 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol barədə elektron sistemdən çıxarılmış məlumatdan görünür ki, həmin protokola əsasən X3 adlı şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, lakin həmin protokol üzrə qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə qeyd edir ki, əgər İXP ******* nömrəli, 14 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərsə, yalnız bundan sonra həmin şəxs qeyd olunan qərarı rəsmi qaydada əldə etdiyi vaxtdan 10 gün müddətində mübahisələndirə bilər. X1 həmin protokolu məhkəmə qaydasında mübahisələndirmək hüququ yoxdur. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 İXP ******* nömrəli, 14 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar