Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1864/2023 21.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 avqust 2023-cü il tarixdə tərtib olunmuş EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 159000.00 ABŞ dolları məbləğində vəsaiti 06 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 159000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 07 avqust 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə, “X5” İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X3 bildirmişdir ki, Şəxs İB ilə Rusiya Federasiyasının OOO “Liv Maşineri” müəssisəsi arasında xx.xx.2021-ci il tarixdə 2021/6NS-2 saylı müqavilə bağlanılmışdır. Müqavilənin 1 nömrəli əlavəsinə uyğun olaraq həmin müəssisəyə İstehsalat Birliyi tərəfindən xx.xx.2021-ci il tarixdə avans olaraq 159000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Sonradan Müdafiə Nazirliyi təcili URAL avtomobillərin alınması ilə əlaqədar müəyyən çətinliklərin yarandığından və həmin müəssisə ilə X2 işbirliyi nəzərə alınaraq həmin müqaviləyə 2 nömrəli xx.xx.2021-ci il tarixli əlavəyə uyğun olaraq Şəxs İB-nin Rusiya Federasiyasından göndəriləcək URAL avtomobillərinə tam komplektləşdirilməsinə, komplektasiyanın texniki vəziyyətinə, sənədləşmənin tamlığına və həmin malların Rusiya Federasiyasının sərhədinədək müşayiət edilməsi xidmətinin göstərilməsi ilə bağlı razılığa gəlindi (Azərbaycan Respublikasına gətirilən URAL avtomobillərin çatdırılmasında yaranan süni maneələrin və əngəllərin aradan qaldırılması məqsədilə) və X4 tərəfdən ödənilən vəsaitin bununla bağlanması razılaşdırıldı. Hazırda 2 saylı Əlavə üzrə işlərin görülüb bitməsinə dair Akt da mövcuddur. Bununla bağlı Muğan Bank rəhbərliyinə X4 İstehsalat Birliyi tərəfdən məktub da ünvanlanmış, lakin Muğan Bank tərəfindən məktub cavablandırılmamışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin 11 avqust 2023-cü il tarixli nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndində göstərilmiş müddət ərzində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı sənədindən görünür ki, həmin tarixdə 159000.00 ABŞ dolları Şəxs hesabından “OOO Liv Maşineri” hüquqi şəxsin hesabına köçürülmüşdür. Şəxs İB ilə Rusiya Federasiyasının OOO “Liv Maşineri” müəssisəsi arasında xx.xx.2021-ci il tarixdə 2021/6NS-2 saylı müqavilədən görünür ki, tərəflər avtomobil və onun ehtiyat hissələrinin alqı satqısı müqaviləsi bağlamışlar. Şəxs İB ilə Rusiya Federasiyasının OOO “Liv Maşineri” müəssisəsi arasında xx.xx.2021-ci il tarixdə 2021/6NS-2 saylı müqaviləyə 02 sentyabr 2021-ci il tarixli 2 saylı Əlavədən görünür ki, tərəflər Ural markalı avtomobillərin OOO “Liv Maşineri” tərəfindən sifarişçinin adından istehsalçıdan qəbul etmək, məhsulun keyfiyyətini yoxlamaq, məhsulun Azərbaycan Respublikasının ixracı üçün zəruri olan sənədləri hazırlamaq, məhsulu Azərbaycan Respublikasının dövlət sərhəddinə qədər müşayiət etmək, məhsulun Azərbaycan Respublikasının dövlət sərhəddindən keçməsini təşkil etməyi barədə razılığa gəlmişdirlər. Bundan əlavə, müqaviləyə 1 saylı əlavə üzrə 06 avqust 2021-ci il tarixli 159000 ABŞ dolları məbləğində ödənişin 2 saylı əlavə üzrə işlərin görülməsi üçün əvəzlənməsi barədə razılığa gəlinmişdir. 11 noyabr 2022-ci il tarixli “İşlərin görülməsi haqqında” Aktından görünür ki, Şəxs İB ilə Rusiya Federasiyasının OOO “Liv Maşineri” müəssisəsi arasında xx.xx.2021-ci il tarixdə 2021/6NS-2 saylı müqaviləyə 02 sentyabr 2021-ci il tarixli 2 saylı Əlavə üzrə işlər görülüb bitmişdir. Məhkəmə barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə inzibati xəta haqqında icraata xitam verilməlidir. 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”nın (Azərbaycan Respublikası Konvensiyaya 01 fevral 2016-cı il tarixli 116-VQ nömrəli Qanunla qoşulmuşdur) 29-cu maddəsinə əsasən müqavilə tərəflərin adi razılaşması ilə dəyişdirilə və ya ona xitam verilə bilər. Konvensiyanın 25-ci maddəsinə əsasən müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Mülki dövriyyənin iştirakçıları mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Avans kimi ödənilmiş və geri qayıtmamış məbləğ müqavilə tərəflərinin sərbəst şəkildə, beynəlxalq hüququn və milli qanunvericiliyin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olaraq müəyyən etdiyi şərtin yerinə yetirilməsinə sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan suiistifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Hazırki iş üzrə Şəxs İB tərəfindən ödənilmiş 159000 ABŞ dolları vəsaitin digər öhdəliyin icrasına yönəldiyi müqaviləyə 2 saylı Əlavədən aydın görünür. Ödənilmiş məbləğə müqabil xidmətin ölkə ərazisinə idxal edilməsi “görülmüş işlər haqqında” Aktdan aydın şəkildə görülür. Məbləğin digər öhdəliyin icrasına yönəldilməsi barədə Mərkəzi Banka Şəxs İB tərəfindən məktub ünvanlansa da, Mərkəzi Bank tərəfindən məktuba cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1864/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1864/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver