Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1866/2025 30.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X8 tərəfindən qəbul olunmuş 20 may 2025-ci il tarixli, MN ******* saylı qərarından X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X8 tərəfindən 20 may 2025ci il tarixdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İXM-nin 210.1-ci maddəsində qeyd olunmuşdur ki, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. İXM-nin 398.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. X7 burdan belə nəticəyə gəlir ki, səlahiyyətli orqan onun barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin maddənin sanksiyasında özəl tibbi fəaliyyətlə məşğul olmağa görə cərimə nəzərdə tutulur. “Özəl tibbi fəaliyyət haqqında qanun” 1-ci maddəsində özəl tibbi fəaliyyətin subyektləri və tibbi praktikaçılar konkret qeyd olunub. Bunlar özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər və özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət. X7 qanuna istinad edərək vurğulayır ki, qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq yəni lisenziyanın olmaması onun “özəl tibbi fəaliyyətlə məşğul olan” şəxs kimi qiymətləndirilməsini istisna edir. Yəni qanuna əsasən xüsusi razılığı və lisenziyasının olmamasını tibbi fəaliyyətlə məşğul olan şəxs olmaması kimi qiymətləndirir. Bundan başqa, İXM-nin 398-ci maddəsi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə sanksiya nəzərdə tutur. X7 bildirir ki, fərdi sahibkar olaraq vergi uçotuna alınsa da, İXM-nin 398- ci maddəsinin 1-ci bəndinin birinci cümləsinin ikinci hissəsinə istinad edərək “sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa” görə məhsuliyyət daşıdığını iddia edir. Yəni özünün sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına görə vergi uçotunda vöen-nü olduğunu, lakin fəaliyyət göstərdiyi sahə lisenziya tələb olunan sahə olduğuna görə və lisenziyam olmadığına görə məhz bu maddənin təsir dairəsinə düşdüyünü və bu maddənin tələbini pozmuş olduğunu hesab edir. Odur ki, , onun törətdiyi inzibati xəta İXM-nin 210.1ci maddəsinin təsir darəsinə düşmədiyi üçün həmin maddə ilə tənbeh edilə bilmədiyini hesab edir. Məhkəmə iclasında X7 izahat verərək bildiridi ki, o ixtisası üzrə stomotoloji kabinet açmış, hətta lisenziya və digər zəruri sənədlər almaq üçün VÖEN hesabı açdırmışdır. Həmin obyektdə sənədləri tamamalama və lisenziya ilə bağlı işlər aparılmış, lakin həmin vaxt heç bir xidmət göstərilməmişdir. Obyektdə olan zaman ona bir xəstə yaxınlaşaraq dişinin çəkilməsini xahiş etmiş, xəstənin xahişi ilə onun dişini çəkmişdir. Bu zaman vergi xidmətinin əməkdaşları yaxınlaşaraq onu vəzifəli şəxs kimi cərimələmişlər. X2 bildirir ki, o yalnız bir dəfə xəstə xahiş etdiyi üçün bu xidməti göstərmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati protokol və qərar qanunsuz tərtib edildiyi üçün qərar ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallara əlavə edilmiş: - Azərbaycan Respulikası Səhiyyə nazirinin müavini X8 tərəfindən 20 may 2025-ci il tarixdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə (lisenziya olmadan özəl tibbi fəaliyyəti ilə və ya əczaçılıqla məşğul olmağa görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə vəzifəli şəxs kimi 5000 (beş min) manat məbləğində inzibati cərimə olunmuşdur. - xx.xx.2025-ci il tarixli, **********5156 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən Stomatoloji kobinetdə (**********-23001) istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalİarın quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, xüsusi raziliq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə raziliq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2025 il tarixdən xx.xx.2025 il tarixədək (xx.xx.2025 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli, **********5272 nömrəli operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamədən görünür ki, elektron informasiya daşıyıcıların fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin- elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar,fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri,əmək müqavilələri (kontraklan), müəssisənin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti, Nəzarət kitabçası Yoxlama predmenıinə aid olan və vergilərin hesablanması üçün tələb olunan qaimə-faktura,elektron qaimə faktura və digər zəruri sənədlər. Xüsusi razılıq tələb edən fəaliyyət növü ilə fəaliyyət göstərdiyi halda müvafiq sənədlərin 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının 12 saylı Ərazi Vergilər Baş İdarəsi AZ2000 ünvan 1 ünvanına təqdim edilməsi X3 tələb edilmişdir. - xx.xx.2025-ci il tarixli, 001137 seriyalı lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında aktdan görünür ki, Gəncə şəhəri Ş.İ.Xətai PR-də yerləşən Stamotoloji kobinetdə (**********-23001) operativ vergi nəzarəti həyata keçiriərkən X7 xüsusi lrazılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 3604 nömrəli şəhadətnaməsindən görünür ki, X6 tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə razılıq verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il tarixli, 025314 qeydiyyat nömrəli şəhadətnaməsindən görünür ki, X5 adına xx.xx.2019-cu il X9 Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom (THTU000304), Azərbaycan Respublikasında Həkim-stomatologiya ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent (bərabər) olduğu təsdiqlənmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il tarixli, 024738 qeydiyyat nömrəli şəhadətnaməsindən görünür ki, X5 adına xx.xx.2019-cu il X9 Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom (THTU 000304) Azərbaycan Respublikasında tanınmışdır və keçilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. - X9 Universiteti tərəfindən 13 iyul 2019-cu il tarixdə verilmiş ali təhsil haqqında (THTU 000304) diplomdan görünür ki, X1 elmlər doktoru dərəcəsi almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın verdiyi 143805 nömrəli vəsiqənin surətindən görünür ki, X7 muharibə veteranıdır. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, X7 xüsusi razılıq (lisenziya) olmadan stamatoloji kabinet açaraq diş həkimi kimi fəaliyyət göstərmişdir. Bu onun özünün vergi xidmətinə verdiyi izahatı və vergi xidmətinin əməkdaşları tərəfindən çəkilmiş foto şəkillərdən öz təsdiqini tapır. Məhkəmə X5 məhkəmə iclası zamanı tibbi fəaliyyətlə məsgul olmamasına dair izahatına tənqidi yanaşaraq qeyd edir ki, X7 məsuliyyətdən yayınmaq üçün bu cür izahat verir. Lakin, Səhiyyə Nazirliyi X5 VÖEN-nin olmasını əsas gətirərək onu vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb etmişdir. Məhkəmə inzibati orqanın qeyd olunan mövqeyi ilə razılaşmayaraq hesab edir ki, X7 barəsində qəbul edilmiş qərar dəyişdirilərək o fiziki şəxs kimi inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, bəzi hallarda təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməyən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin (müəllim, həkim və başqaları), yaxud yardımçı vəzifə tutan dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və digər işçilər) “vəzifəli şəxs” anlayışına daxil olub-olmaması mübahisə doğurur. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli olan şəxslər sırasına, məsələn, yalnız ixtisasartırma və ya imtahan komissiyasının üzvü olan müəllimləri deyil, tələbələrdən və ya təhsil alan digər şəxslərdən imtahanları qəbul edən müəllimləri də aid etmək olar. Müəllimlər tərəfindən rəsmi sənədlərdə əks olunan imtahanlara verilmiş qiymət, həmçinin imtahan zamanı təhsil alanların biliklərinin mənfi və ya müsbət qiymətləndirilməsi bir halda hüquqi əhəmiyyətli nəticənin yaranması, yəni hüquq münasibətinin yaranması, dəyişməsi və ya xitam olunması üçün birbaşa və bilavasitə əsas olur. Digər halda isə bu cür hərəkətlər göstərilən nəticələrin baş verməsi üçün vacib əsaslardan biri olur, yəni hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitam olunmasına digər hallarla birlikdə məcmu şəkildə təsir edir. Tələbələrin və ya təhsil alan digər şəxslərin gələcəkdə müvafiq təhsil ocağında təhsil almaları, təhsil təqaüdü, bəzi təhsil müəssisələri məzunlarının işə qəbulu zamanı əmək haqlarının artırılması üçün əsas olan fərqlənmə diplomunu almaq, qeyri-dövlət təhsil müəssisələrində aşağı təhsil haqqı ödəmək və s. hüquqların yaranması, onların imtahanlarda biliklərinə verilən qiymətlərdən asılıdır. Göstərilənlər nəinki təhsil sahəsində öz vəzifələrini həyata keçirən şəxslərin, o cümlədən digər xidmət sahələrində çalışan və hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan şəxslərin də vəzifəli şəxslər sırasına aid olunmasını istisna etmir. Bu baxımdan X5 özəl tibbi fəaliyyətlə məşğul olan zaman hər hansı bir hüquq müəyyənedici hərkət etməsi (məsələn hər hansı tibbi arayış verməsi, hər hansı bir şəxsə xəstəliyi ilə əlaqədar olaraq xəstəlik vərəqəsi açması və.s.) iş materialları ilə təsdiq edilmir və inzibati orqan tərəfindən buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hsab edir ki, X6 inzibati tənbeh verilməsinə dair Azərbaycan Respulikası Səhiyyə nazirinin müavini X8 tərəfindən qəbul olunmuş 20 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək fiziki şəxs kimi inzibati məsuliyyətə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X6 inzibati tənbeh verilməsinə dair Azərbaycan Respulikası Səhiyyə nazirinin müavini X8 tərəfindən qəbul olunmuş 20 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək fiziki şəxs kimi 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-1866/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1866/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver