Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1879/2023 01.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 24 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-926/2022 saylı 11 noyabr 2022-ci il tarixli icra sənədi üzrə Şəxs 1460 (min dörd yüz altmış) manat alınıb X1 verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirdi ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)- 926/2022 saylı 11 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmiş icra hərəkətləri nəticəsində borclu aliment borcunu tam ödəmədiyi üçün onun barəsində 24 avqust 2023-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, həmçinin ərizə təqdim edərək, bildirdi ki, o, tələbkar Allahverdiyeva (Osmanova) Lamiyə Vidadi qızına olan aliment borcunun ödənilməsindən qərəzli olaraq boyun qaçırmamışdır. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş və bu səbəbdən də ödəniş edə bilməmişdir. Hazırda tələbkara ümumi aliment borcundan hissə-hissə olmaqla 400 manat ödəniş etmiş və qalan 1460 manat aliment borcundan xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat da ödəniş etmişdir. Qalan 1360 (min üç yüz altmış) manat aliment borcunu hər ay 200 (iki yüz) manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. Bununla da o, barəsində olan icra sənədinin icrasından yayınmamış və belə bir niyyəti də yoxdur. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yеri bаrədə zərərçəkmiş şəxs (tələbkar) Allahverdiyeva Osmanova) Lamiyə Vidadi qızına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə bахılmаsını mümkün hеsаb еdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)-926/2022 saylı, 11 noyabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Allahverdiyeva (Osmanova) Lamiyə Vidadi qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-926/2022 saylı 11 noyabr 2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, borcluya xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən Allahverdiyeva (Osmanova) Lamiyə Vidadi qızının hesabına 100 (yüz) manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2023-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcunu vaxtında ödəmədiyi üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs aliment borcundan 01 sentyabr 2023-cü il tarixdə 100 (yüz) manat ödəniş etməsi və aliment borcunun yığıldığı müddət ərzində, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onun həqiqi hərbi xidmətdə olması onun qətnamənin icrasından yayınmağa çalışmadığını və aliment borcunu ödəməyə davam etdiyini göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1879/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1879/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver