Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1885/2023 25.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 04 radələrində eyni ünvanda yaşayan anası X5 aralarında yaranmış ailə-məişət münasibətləri zəminində döymüşdür. Bununla da o, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 protokolun məzmununa uyğun çıxış edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tez-tez polis şöbəsinə zərərçəkmiş şəxs X7 tərəfindən şikayətlər daxil olduğunu bildirərək, tərtib olunmuş protokolu müdafiə edərək, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, zərərçəkmiş şəxs X7 onun anasıdır. 2023-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən Arif adlı şəxsə məxsus çayxanada olan zaman polis əməkdaşları onları guya qumar oynadıqları üçün oradan götürüb polis bölməsinə gətirmişlər. Həmin vaxtdan sonra orada olan adamlar onun anasının onları polisə satdığını demiş, buna görə də hadisə baş verdiyi vaxtdan sonra həmin çayxanaya getməmişdir. xx.xx.2023-cü il tarixdə həmin çayxananın yaxınlığına gedən zaman orada olan adamlar yenə də ona eyni sözləri demişlər.Törədilmiş əməllə bağlı bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə həm ona deyilən sözlərdən əsəbləşdiyi üçün, həm də içkili olduğu üçün həmin vaxt anasını nalayiq ifadələr ilə söymüş, lakin onu döyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, Şəxs onun oğludur. Eyni evdə yaşadıqları oğlu Şəxs mütəmadi olaraq yaşadıqları evdə münaqişə edərək nalayiq söyüşlər söyməklə onu və ailə üzvlərini narahat edir. 10 avqust 2023-cü il tarixdə saat 04 radələrində yaşadıqları evdə olan zaman aralarında yaranmış mübahisə zamanı oğlu sərxoş vəziyyətdə yenə də onu söyərək təhqir etmiş və qolundan, kürəyindən, bir sözlə bədəninin müxtəlif nahiyələrindən yumruq zərbələri ilə vuraraq onu döymüşdür. Bu səbəbdən onu törətdiyi əmələ görə bağışlamır. Onun barəsində ağır tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X4 və X3 müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin 4-cü Polis Bölməsinin müvafiq əməkdaşına göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2023-cü il tarixli 1243 saylı rəyindən məlum olur ki, vətəndaş X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər–sol said nahiyəsinin və sol əlin üst səthinin qançırları - KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı materiala əlavə olunmuş xx.xx.2023-cü il tarixli 2050/2023 nömrəli sərxoşluq hallarının müayinəsi protokolundan görünür ki, Şəxs həmin hadisə baş verən vaxt orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu inzibati xəta məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Onun məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilmə şəraitini, məsuliyyəti yüngülləşdirən halın olmamasını və ağırlaşdıran hal kimi isə Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı sərxoş vəziyyətdə törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə edilməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 25 avqust 2023-cü il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1885/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1885/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver