Məhkəmə qərarları › İş №3(125)-1885/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1885/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1885/2025 21.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Dəmir oğlu, Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, M ü ə y y ə n e t d i: X1 ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00900-00170/25 saylı protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Göygöl rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş matarriallarda qeyd edilir ki, inzibati xəta barəsində iş üzrə icraat aparılan Şəxs ASC-nin Göygöl şəhəri, Heydər Əliyev prospekti, ev 02 ünvanında yerləşən anbarında törədilmişdir. İnzibati xəta haqqında işin baxılması yerindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati Xətalar Məcəlləsin 492.1-ci maddəsində qeyd olunmuşdur ki, gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə- fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, protokolda qeyd edilən inzibati xəta ( plombun qırılması) hərəkətlə törədilən inzibati xəta olduğu üçün, inzibati xəta haqqında material baxılması üçün inzibati xətanın törədildiyi yerin məhkəməsinə yəni Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 106 , 109.1.7 və 110.1-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apelyasiya şikayəti verilə bilməz Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar