Məhkəmə qərarları › İş №3(125)-1890/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1890/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1890/2024 04.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21309122 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21309122 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İdarə etdiyi avtomobilə xüsus texniki vasitələrin köməyi ilə cərimə tətbiq edilmişdir. Lakin belə hesab edir ki, inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21309122 nömrəli Elektron Qərar ləğv edilməlidir. Belə ki, qeydiyyata alan texniki vasitə təhlükəsiz şəhər stansiyasıdır və həmin stansiyada kameralar yalnız müşahidə aparmaq üçündür. Avtomat rejimində inzibati xəta qeydə almaq hüququna malik deyil, həmin kameraların vəzifəsi inzibati xəta qeydə almaq deyil. Qeyd oluna qərardan da görünür ki, həmin aparatın sertifıkatlaşması qeyd edilməmiş və ona tətbiq olunan elektron qərar müşahidə kamerasının, müşahidə monitorundan əldə olunan məlumat əsasında tətbiq olunmuşdur, bu da qanunsuzdur. Müşahidə kamerasının yerləşdiyi otağa kənar şəxslərin daxil olması qadağan olunduğu halda hansı şərtə əsasən DYP əməkdaşı həmin otağa daxil olub öz əl planşeti ilə monitordan elekton qərar tərtib etmişdir. Bundan əlavə həmin vaxt o əks istiqamətə tərəf hərəkət etməmişdir. Fotoşəkildə məqsədli şəkildə bu cür göstərilmişdir. Əgər video görüntü əldə edilsə onun həmin pozuntunu törətmədiyini, ancaq manevr etdiyini görmək mümkündür. Tipi, markası, modeli və yeri bəlli olmayan kamera, nasaz texniki vasitə hesab etmişdir ki, o qayda pozuntusu etmişdir. Qeyd olunanların nəzərə alınaraq xx.xx.2024-cü il tarixli, EQ 21309122 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs X2 və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət vermiş şəxs X1 və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 19.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. 19.2-ci maddəsinə əsasən baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. 53.0.3-cü maddəsinə əsasən şəxs son zərurət vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21309122 nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğdə cərimə edilmişdir. X2 şikayətində digər maşının əks istiqamətdə geriyə hərkət etdiyinə görə onun maşınından geridə də maşınlar gəldiyinə görə hadisənin qarşısını almaq üçün ani olaraq manevr edərək xəttin üzərinə çıxdığını dərhal sonra isə öz hərəkət yoluna qayıdaraq hrəkətini davam etdirdiyini bildirmişdir. İş materiallarına şəkil və ya video görüntü əlavə olunmuşdur. İş materiallarında olan videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə Hyundai Grandeur minik markalı 20DT050 qeydiyyat nömrəli avtomobil Gəncə şəhəri Nizami prospekti Şəddadilər küçəsi kəsişməsində hərkətdə olan zaman həmin yolda olan digər nəqliyyat vasitəsi hərkət istiqamətinin əksinə olaraq maşını geriyə hərərkə etdirən zaman Hyundai Grandeur minik markalı 20DT050 qeydiyyat nömrəli avtomobil ani olaraq hadisənin qarşısını almaq üçün qoşa xəttin üzərinə çıxaraq əks hərkət istiqamətinə çıxmadan yenidən öz hərkət zolağına qayıtmışdır. Eyni zamanda videogörüntüdən görünür ki, Hyundai Grandeur minik markalı 20DT050 qeydiyyat nömrəli avtomobilindən geridə iki maşın da hərkətdədir. Hyundai Grandeur minik markalı 20DT050 qeydiyyat nömrəli avtomobilin maşını anidən dayandırması digər hərəkət iştirakçıları üçün təhlükə yarada və daha ağır hadisənin baş verməsinə səbəb ola bilərdi. İXM-nin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2024-cü il tarixli, EQ 21309122 nömrəli nömrəli qərarda göstərilən əməl son zərurət vəziyyətində törədilmiş əməl kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, bu əsaslar görə şikayət təmin edilməli və xx.xx.2024-cü il tarixli, EQ 21309122 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati işin icraatına xitam verlməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21309122 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata son zərurət vəziyyətində hərkət etdiyindən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21309122 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata son zərurət vəziyyətində hərkət etdiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar