Məhkəmə qərarları › İş №3(125)-1893/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1893/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1893/2023 08.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X3, X1 iştirakı ilə, X4 X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 25 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 25 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN1291865 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat inzibati cərimə olunmuşdur. Qərara əsasən inzibati qaydada cərimə olunmağına əsas olaraq qeyd olunmuşdur ki, X9 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə və X7 əmək müqaviləsinə aid olmayan işlərə cəlb olunmuşdur. Hesab edir ki, qeyd edilən qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, İXM-nin 192.1-ci mddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqı şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. O İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin insan resursları bölməsinin aparıcı mütəxəssisi vəzifəsində işləyirəm. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cu il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Onun əmək funsiyası insan resurları üzrə sənədlərin qeydiyyatını aparmaq, işçilərin əmək davamiyyətinə nəzarət etmək və s.dən ibarətdir. Onun hər hansı bir sərəncamverici və ya qərar qəbul edici səlahiyyəti, hər hansı işçini işə cəlb edilməsi barədə göstəriş vermək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi isə qeyd olunları araşdırmadan, onun vəzifəli şəxs olub-olmadığını müəyyən etmədən onu vəzifəli şəxs kimi təqsirli bilərək inzibati qaydada cərimə etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətin dəlillərinə uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X5 izahat verərək bildirdi ki, inzibati tənbehvermə haqqında qərar Gəncə Şəhər Prokurorluğunun "xxxx" QSC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair materialı əsasında qəbul edilmişdir. Məhkəmədən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında iş üzrə qərarı nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş: X4 barəsində tərtib edilmiş 25 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat inzibati cərimə olunmuşdur. X4 vəzifə təlimatından görünür ki, onun hər-hansı işçinin işə cəlb edilməsi və ya təyin edilib-edilməməsi ilə bağlı səlahiyyəti mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X6 tərəfindən hər hansı işçinin işə cəlb edilməsi və ya işdən azad olması məsələsi üzrə hər hansı səlahiyyəti mövcud deyildir. Onun tutduğu vəzifə aparıcı mütəxəssis olmaqla, öz xarakterinə görə sərəncamverici funksiyaya malik deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X4 təqsiri təsdiq olunmur. Beləliklə, X4 barəsində tərtib edilmiş 25 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunaraq, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmuşdur. Buna görə də, X4 X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş 25 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş 25 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar