Məhkəmə qərarları › İş №3(125)-1896/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1896/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1896/2023 29.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 29 avqust 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-441/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs və X2 icra vərəqəsində göstərilən qızıl-zinət və cehiz əşyaları, dövlət rüsumu kimi ödənilmiş 48 manat və 50 manat mediasiya xərci olmaqla cəmi 98 manat pul alınaraq, Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi müvafiq olaraq xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə borclu Şəxs icra sənədi üzrə 8706,60 manat (səkkiz min yeddi yüz altı manat altmış qəpik) borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X6 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, zərərçəkmişlə nikah pozulduqdan sonra onun barəsində qızıl zinyət əşyalarının dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin nikah dövründə həmin qızıllar banka girov qoyularaq kreditə pul götürülmüşdür. Əldə edilmiş pul vəsaiti ailənin xərclərinə sərf edilmişdir. Hazırda aliment borcunu müntəzəm ödəyir. Lakin hazırki icra vərəqi üzrə ödənişləri aliment ödənişləri ilə ödəməkdə çətinlik çəkir. Hazırki icra vərəqi üzrə 2023-cü ilin may ayı üçün 100 AZN, iyul ayı üçün 480 AZN, avqust yı üçün isə 100 AZN ödəniş etmişdir. Borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 bildirdi ki, barəsində icraat aparılan şəxs psixi xəstəliklərdən əziyyət çəkir. Xəstəliyi olsa da, hazırki borcundan müntəzəm ödənişlər edir. Bu halın nəzər alınaraq inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-441/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs və X2 icra vərəqəsində göstərilən qızıl-zinət və cehiz əşyaları, dövlət rüsumu kimi ödənilmiş 48 manat və 50 manat mediasiya xərci olmaqla cəmi 98 manat pul alınaraq, Zərərçəkmiş şəxs verilməlidir. 29 avqust 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 17 avqust 2022-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş, “inzibati məsuliyyətə cəlb olunma barədə” Xəbərdarlıq borcluya təqdim edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, barəsində icraat aparılan şəxs tərəfindən hazırki icra vərəqi üzrə 2023-cü ilin may ayı üçün 100 AZN, iyul ayı üçün 480 AZN, avqust yı üçün isə 100 AZN ödəniş edilmişdir. Tibbi sənədlərin surətlərindən görünür ki, Şəxs “astentik tipli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozu ilə müalicə alır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Hazırki icra vərəqi üzrə müəyyən edilən məbləğ birdəfəlik həyata keçirilməsi zəruri olan məbləğdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin az miqdarda mütəmadi ödənişlər etməsi onun məsuliyyətini istisna edən hal kimi deyil, yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə Şəxs hazırki icra vərəqi üzrə mütəmadi ödənişlər etməsini, psixi xəstəlikdən əziyyət çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs yaşını, onun şəxsiyyətini və sağlamlıq vəziyyətini nəzərə alaraq, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar