Məhkəmə qərarları › İş №3(125)-19/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-19/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-19/2024 18.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3392/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 25000 (iyirmi beş min) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhər 5 saylı Notariat ofisinin 8İ-5118 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs müddət üçün vaxtında ödənilməmiş ( xx.xx.2022- ci il tarixli 3M-76 reyestr nömrəli kredit müqaviləsi üzrə) 10000 manat 00 qəpik (on min manat sıfır qəpik), tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10025 manat 00 qəpik (on min iyirmi beş manat sıfır qəpik) pul tələbkar X2 xeyrinə ödənilməlidir. Gəncə şəhər 5 saylı Notariat ofisinin 8İ-5119 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs müddət üçün vaxtında ödənilməmiş (xx.xx.2021- ci il tarixli 3M-291 reyestr nömrəli kredit müqaviləsi üzrə) 25000 manat 00 qəpik (iyirmi beş min manat sıfır qəpik), tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 25025 manat 00 qəpik (iyirmi beş min iyirmi beş manat sıfır qəpik) pul tularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs bildiriş təqdim edilmiş, borclunun inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar verilmiş, borcun ödənilməsi tələb edilmiş, hal-hazırda onun ümumilikdə 60215 manat borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Vüqar Gözəlov protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcları qəbul etmədiyini, X4 uzun müddətdir tanıdığını, ondan 6000 manat sələmə pul alıb hər 10 gündə bir 300 manat ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. O, 5-6 ay ödəniş etdikdən sonra onun avtomobili xarab olmuş, o, ödənişi dayandırmış belə olan halda Natiq bir necə şəxslə ona hücüm edib, onu hədələyib zorla avtomobilə mindirib notariusa aparıb icra qeydinə imza etdirmişdir. O, qətnamədən apellyasiya şikayəti vermiş, şikayət vermə müddətini ötürdüyündən şikayət icraata qəbul edilməmişdir. Müddətin bərpası üçün ərizə təqdim etmiş, hal-hazırda həmin ərizə icraata qəbul edilmişdir. Sonda o, barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, borclunun borcu tam şəkildə ödəməsini tələb edir əks təqdirdə barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 13 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-3392/23 nömrəli, xx.xx.2023-cü nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 25000 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 165 manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 Şəhər Məhkəməsinin 2(125)-3392/23 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - 28 avqust 2023-cü il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3392/23 nömrəli, xx.xx.2023-cü tarixli, Gəncə şəhər 5 saylı Notariat ofisinin 8İ-5118 saylı, xx.xx.2023-cü il tarixli və Gəncə şəhər 5 saylı Notariat ofisinin 8İ-5119 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. - Borclunun Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, icra sənədindən məlumatı olmadığını, hazırda məlumatı olduğu üçün apellyasiya şikayəti verəcəkdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs barəsində Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-i tərəfindən xx.xx.2023-cü il tarixdə 550727 saylı axtarış elan edilmişdir. - Gəncə şəhər 5 saylı notariat ofisinin icra qeydindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixli 3M-291 reyestr nömrəli kredit müqaviləsi üzrə 25000 manat tutulması qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 Şəhəri 5 saylı Notariat Kontorunun 5119 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. - Borclunun Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, icra sənədindən məlumatı olmadığını, hazırda məlumatı olduğu üçün şikayəti verəcəkdir. - Gəncə şəhər 5 saylı notariat ofisinin icra qeydindən görünür ki, Şəxs xx.xx.2022-ci il 3M-76 reyestr nömrəli kredit müqaviləsi üzrə 1000 manat tutulması qərara alınmışdır. - Gəncə şəhər 5 saylı Notariat ofisinin 8İ-5118 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs müddət üçün vaxtında ödənilməmiş ( xx.xx.2022- ci il tarixli 3M-76 reyestr nömrəli kredit müqaviləsi üzrə) 10000 manat 00 qəpik (on min manat sıfır qəpik), tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10025 manat 00 qəpik (on min iyirmi beş manat sıfır qəpik) pul tələbkar X2 xeyrinə ödənilməlidir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 Şəhəri 5 saylı Notariat Kontorunun 5118 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Barəsində icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, sağlamlıq vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 1000 (min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar