Məhkəmə qərarları › İş №3(125)-1902/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1902/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1902/2024 29.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə Şəhər Baş Polis idarəsi 1-ci polis şöbəsinin İTB-nin sahə rəisi X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, A.Əhmədov küçəsi, dalan 14, ev 2-də yaşayan X4 yaşadığı evin qarşısında azyaşlı oğlu X5 məxsus 320 manat dəyərində velosipedin oğurlandığını bildirmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı evin qarşısında X1 azyaşlı oğlu X5 məxsus ümumi dəyəri 320 manat olan velosipedi oğurlayaraq tanımadığı dəmir yığan şəxsə satmışdır. Nəticədə İXM-nin 227-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. X3 dəymiş maddi zərər 500 manatdan çox olmadığına görə və hadisəni törətmiş şəxsin əməlində CM-nin 177 maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs çıxışında heç bir yerdə işləmədiyini, ailəsinin dolanışığını təmin etməkdə çətinlik çəkdiyini və buna görədə oğurluq etmək qərarına gəldiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, Gəncə şəhəri, A.M.Əhmədov küçəsində hərəkətdə olan zaman həmin küçədə yerləşən evin qarşısında velosiped olmasını və ətrafda keç kimin olmamasını görüb həmin velosipedi götürərək oradan uzaqlaşmışdır. Həmin velosipedi oğurladıqdan sonra metal qəbulu məntəqəsində tanımadığı şəxsə 30 manata satmışdır. Sonda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini məhkəmənin nəzərə çatdıraraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü tarixli qərardan görünür ki, qeyd olunan əməli törətmiş Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci polis şöbəsinin İTB-yə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:00-da tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın, yəni dələduzluq yolu ilə özgəsinin əmlakının talamasının Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-in 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs əməlini etiraf etməsini və himayəsində bir azyaşlı uşağın olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 22 (iyirmi iki) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xanməmmədova Liza

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar