Məhkəmə qərarları › İş №3(125)-1923/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1923/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1923/2025 21.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi İTB-nin polis sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 21 iyun 2025-ci tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin inzibati ərazisində xırda xuliqanlıq hərəkəti edərək və inzibati qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Azərbayan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi İTB-nin polis sahə rəisi, polis kapitanı X2 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin post-patrul xidmətinin əməkdaşları xidmətdə olarkən Poçt qəsəbəsində Şəxs ucadan nalayiq ifadələr işlətdiyi üçün ona yaxınlaşaraq özlərini təqdim etmiş, onu nizam-intizama dəvət etsələr də, Şəxs özünün qanunsuz əməllərini davam etdirmişdir. Beləliklə də, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı, Şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinə gətirilmiş, barəsində protokol tərtib olunaraq qərar qəbul olunması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisə Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi İTB-nin polis sahə rəisi, polis kapitanı X1 izahatında qeyd etdiyi kimi olmuşdur. Hadisə zamanı sərxoş olduğu üçün telefonla nalayiq ifadələrdən istifadə edərək ucadan danışmışdır, polislər ona yaxınlaşan zaman polislərlə də sərt formada danışmışdır. Bundan sonra polis əməkdaşları onu şöbəyə dəvət etmiş, məsələni şöbədə aydınlaşdırmışlar. Həmçinin, 2-3 ay bundan qabaq İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün məhkəmə qərarı ilə 20 gün müddətinə inzibati həbs olunmuşdur. Bundan sonra isə narkotik vasitələri tamamilə həyatından çıxarmışdır. Baş vermiş hadisədən sonra polis əməkdaşlarından üzr istəmişdir. Odur ki, hadisə zamanı içkinin təsiri altında olmasının və humanizm prinsipinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin polis nəfəri X5 bildirdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında digər polis əməkdaşları ilə birgə hadisə yerinə getmiş, görmüşdür ki, Şəxs əlində bıçaq ilə maşında əyləşmişdir. Digər polis əməkdaşları ilə maşına yaxınlaşıb onu maşından düşürtmüş, bıçağı əlindən almışdır. Şəxs əlləri ilə polisə müqavimət göstərərək və nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmadığından qolundan zorla tutaraq onu polisin xidməti avtomobilinə mindirib şöbəyə aparmışlar. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 00:10-da tutulmuşdur. İş materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin 3(125)-1177/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinərək, İXM-nin 206-cı maddəsinin sanksiyası həddində 20 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında hazırkı inzibati xətanın sərxoş halda törədilməsini təsdiq edən hər hansı sübut yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahid izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş üzrə müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsində küçədə ucadan nalayiq söyüşlər söyərək onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, Şəxs isnad edilən inzibati xətaların içərisində İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan xəta daha ciddi xəta olduğundan, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, eyni xətanın inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini (İXM 33.1.2) məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 00:10-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 00:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar