Məhkəmə qərarları › İş №3(125)-1932/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1932/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1932/2025 23.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 23 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-768/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs vurulmuş maddi zərərə görə 675 (altı yüz yetmiş beş) manat və dövlət rüsumunun əvəzi 30 manat alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-768/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs vurulmuş maddi zərərə görə 675 (altı yüz yetmiş beş) manat və dövlət rüsumunun əvəzi 30 manat alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq təqdim edilsə də, borclu Şəxs bildiriş və xəbərdarlığı imzalamaqdan imtina etmiş, eyni zamanda nəlayiq sözlər işlədərək inzibati binadan qaçmağa cəhd etmişdir. Bu barədə xx.xx.2025-ci il tarixində akt tərtib olunmuşdur. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməmiş. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Şəxs maddi imkanı olmadığı üçün vurduğu ziyanı ödəməyəcəyini bildirmişdir. Qeyd edilənləri əsas gətirib borclu Şəxs barəsində tərtib edilmiş protokolun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, icra məmurunun bildirdikləri doğrudur. O, icra məmurunun çağırışlarına getməmişdir. Onun qardaşının yoldaşı onu evə qoymadığı üçün o, əsəbləşərək atasının avtomobilinin şüşəsini sındırmışdır. Onun vurduğu ziyan 650 manat etmədiyi üçün o, vurulan ziyanı ödəməyəcəkdir. O, evlənmək istəməmişdir. Onu ailəsi zorla evləndirmişdir. Onun uşağını alıb övladlığa vermişlər. Onun itirəcək heçnəyi yoxdur. O, sonda vurduğu ziyanı ödəməyə maddi imkanı olmadığını və vurduğu ziyanı ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirdi ki, onun qohumlarından heçkim onun qızını danışdırmır. Qızı Şəxs çox vaxt evə gəlmir. Evə gəldiyi zaman onlarla dalaşır. Məlahət birdəfə anasını döymüşdür. Gəlinlərini evdən qovmaq istəmişdir. Hətta birdəfə qızı Məlahət onu da pol ağacı ilə döymüşdür. O, borcunun tam tutularaq ödənilmədiyi təqdirdə barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -İş materiallarına əlavə edilmiş 23 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)- 768/2025 nömrəli İcra vərəqindən görünür ki, cavabdeh Şəxs vurulmuş maddi zərərə görə 675 (altı yüz yetmiş beş) manat və dövlət rüsumunun əvəzi 30 manat alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-768/2025- 006 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi icraata qəbul edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, icra vərəqəsinin könüllü icrası barədə Bildiriş borcluya göndərilmişdir. - İş materiallarına əlavə edilmiş xəbərdarlığın sürətindən görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə tələbin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. - İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri üzrə İcra İdarəsi tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ünvanlanmış 23 iyun 2025-ci il tarixli maktubdan görünür ki, borclu Şəxs barəsində olan axtarış qərarı icra edilməsi üçün Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis Şöbəsinə göndərilmişdir. -İş materiallarına əlavə edilmiş 23 iyun 2025-ci il tarixli aktdan görünür ki, Şəxs polis əməkdaşları tərəfindən məcburi qaydada Gəncə Şəhər İcra İdarəsinə gətirilmişdir. O, İdarədə qaçmağa çalışmışdır. Eyni zamanda vurduğu ziyanı ödəməyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, maddi imkanı olmadığını əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunu lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, onun hal-hazırda 705 (yeddi yüz beş) manat borcu və 49,35 manat icra xərci mövcuddur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs cəzasını yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar