Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1946/2025 23.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Şəxsin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, 00900-00195/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gömrük xidmətinin “X1 Sistem” xidmətindən əldə olunmuş məlumatlar əsasında "xxxx" MMC tərəfindən (VÖEN **********) Gəncə Gömrük İdarəsində **********4996, **********4979, **********4974 sorğu nömrəli bəyannamələri üzrə ixrac edilən yüklərin dəyəri 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına 4961,25 ABŞ dolları olan vəsaitin köçürülməsini təmin etməmiş və bununla da qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar tərəflərindən "xxxx" MMC-nin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına 3-33-1600/2-000444/2025 qeydiyyat nömrəli məktubla 1600/012/048 qeydiyyat nömrəli bildiriş göndərilməsinə baxmayaraq, bu günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb köçürülməməsi barədə Gəncə Gömrük İdarəsinə heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə, 00900-00195/25 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ilə əlaqədar qeyd olunan gömrük bəyannaməsi üzrə ödənilməli olan 4961,25 ABŞ dolları məbləğində vəsaitin müvəkkil banka ödənilməsinin təmin olunmamasının səbəbinin aydınlaşdırılması məqsədilə hüquqi şəxs ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-yə, nümayəndəsinin izahat verməsi üçün xx.xx.2025-ci il tarixli 3-33-1600/2-000584/2025 saylı məktubla müraciət olunmuşdur. Lakin bu günə kimi MMC-nin nümayəndəsi Gəncə Gömrük İdarəsinə gəlməmiş və qeyd olunan məsələ üzrə münasibət bildirməmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********4996, **********4979 və **********4974 saylı gömrük bəyannamələri üzrə ixrac olunan yüklərin müqabilində ödənilməli olan 4961,25 ABŞ dolları məbləğində valyuta vəsaitinin ödənilməsi təmin olunmamışdır. "xxxx" MMC tərəfindən həmin tarixdə ixrac edilmiş yükə dair təsdiq olumuş gömrük bəyannamələrinin 23-cü qrafasında 1 ABŞ dollarının həmin tarixə Azərbaycan manatına olan nisbəti 1.7000 manatla ifadə edilmişdir və beləliklə, ixrac olunmuş yüklərə dair qaytarılmalı olan məbləğ 8434,12 (səkkiz min dörd yüz otuz dörd manat on iki qəpik) manat hesablanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Şəxsin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, qeyd olunan vəsait mal ixrac ediləndən cəmi bir gün sonra ölkəyə qaytarılmışdır. Lakin mal ixrac olunarkən invoys tarixləri xx.xx.2024-cü kimi göstərilməsinə baxmayaraq, qarşı tərəf invoys tarixlərini bir gün sonra yəni xx.xx.2024-cü il kimi qeyd etmişdir. Bu səbəbdəndə bəyamnamə ilə uyğunsuzluq yaranmışdır və bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə müraciət edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Gəncə Gömrük İdarəsinin 14 may 2025-ci il tarixli raportundan görünür ki, "xxxx" MMC tərəfindən (VÖEN **********) **********4996, **********4979, **********4974 sorğu nömrəli bəyannamələri üzrə ixrac edilən yükün dəyəri olan 4961,25 ABŞ dolları məbləğində valyuta 180 gün ərzində Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablara köçürülməmişdir. -NB Alçı” MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə ünvanlanmış ərizədən görünür ki, **********4974, **********4979, **********4996 nömrəli bəyannamələrdə invoys tarixi yanlış yazılmışdır. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin 22 iyul 2025-ci il tarixli məktubundan görünür ki, 01 iyul 2025-ci il tarixli müraciətlə **********4974, **********4979, **********4996 nömrəli gömrük bəyannamələri üzrə təqdim edilmiş invoys nömrələrinin araşdırılması və düzəliş edilməsi məqsədilə Gəncə Gömrük İdarəsi tərəfindən 25007640, 25007639 və 25007641 sifariş nömrələri Dövlət Gömrük Komitəsinə göndərilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin hesabına 4961,25 ABŞ dolları məbləğində vəsait köçürülməsi təmin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il qərarında qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin mənasından aydın olur ki, inzibati xətanın törədilməsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlıdır. İş materiallarında olan sənədlərdən isə görünür ki, mal xaricə ixrac olunandan cəmi bir gün sonra həmin vəsait ölkəyə qaytarılmışdır. Lakin, pulu köçürən qarşı tərəf invoys tarixlərində texniki səhv qeyd edərək xx.xx.2024 qeyd etmək əvəzində xx.xx.2024 qeyd etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz və inzibati xəta haqqında protokolda göstərilən, yəni ona istinad olunan əmələ görə təqsirsiz sayılmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında qeyd qeyd edildiyi kimi, hüquqi şəxsin həmin maddə üzrə əsassız olaraq məsuliyyətə cəlb edilməsi, nəzərdə tutulmuş cərimənin hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Beləliklə, məhkəmə inzibati xəta haqqında bütün sübutları hərtərəfli, obyektiv və tam şəkildə tədqiq edərək, o cümlədən qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-1946/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1946/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver